Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyala həyata keçirilir - Aşqabad zirvəsi
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Zirvə Görüşünün yekun Aşqabad Bəyannaməsi qəbul olunub. Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Görüşdə həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.
Görüşdə vacib məqamlardan biri də İƏT üzv dövlərlərin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirlərdir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan biri hesab olunur. Hazırda təşkilatın bütövlükdə iqtisadi gücünün artması və əhali sayının çoxalması müşahidə olunur.
"Çünki söhbət dörd yüz milyondan artıq əhalini birləşdirən bir coğrafiyada yaradılan qurumdan gedir.Təbii ki, müzakirə edilən məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarıdır. Soçi görüşündən sonra Zəngəzur dəhlizinin daha qısa müddətdə reallaşma imkanı var. Çünki həm bəyanatda, həm də Rusiya prezidentinin çıxışında kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunuldu. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması region ölkələri üçün yeni imkanlar yaradacaq. Bu, xüsusən də 1,1 trilyon dollardan artıq ümumi daxili məhsul olan türk dünyasının quru nəqliyyat vasitəsinin birləşməsi anlamına gəlir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, digər mühüm məqamlardan biri region və bu quruma üzv olan ölkələr arasında beynəlxalq daşımaların həcminin artması və təbii ki, xarici ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradacaq.
"Nəticə etibarilə gözlənilir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üzərindən daşınan yüklərin həcmini artıracaq", deyə deputat əlavə edib.
V.Bayramov həmçinin bildirib ki, İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlaması xüsusilə əhəmiyyətlidir.
"Hələ 2002-ci ildə Ümummilli lider Heydər Əliyev İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə reallaşır", - deyə V.Bayramov qeyd edib.