Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ABŞ şirkətləri ilə əməkdaşlığı genişləndirməyi hədəfləyir.
APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev fevral ayında “Oracle Corporation” şirkətinin baş direktoru ilə görüş keçirib və həmin müzakirələr nəticəsində süni intellekt və digər texnoloji istiqamətlər üzrə birgə imkanları əks etdirən anlaşma memorandumunun hazırlanması prosesi başlayıb.
Nazir qeyd edib ki, dünən SOCAR ABŞ-ın bu sahədə fəaliyyət göstərən digər bir korporasiyası ilə də tərəfdaşlıq sazişi imzalayıb. Bununla yanaşı, o vurğulayıb ki, əməkdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır.
“Bu, təkcə konkret layihələr deyil. Buraya tənzimləyici mühitdən tutmuş texnologiyaların tətbiq sahələrinə qədər geniş spektr daxildir”, – o bildirib.
Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan texnoloji inkişafın sürətlə getdiyi bir dövrdə ABŞ-ın aparıcı texnologiya şirkətləri və “hyperscaler” platformaları ilə əməkdaşlıq edərək ölkədə innovasiya ekosistemi formalaşdırmaq niyyətindədir.
O əlavə edib ki, hazırda Azərbaycanın dövlət qurumları və özəl sektoru ABŞ-ın iri texnologiya və bulud xidmətləri şirkətləri ilə danışıqlar aparır və layihələrin detalları yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlanacaq: “Bizim əsas məqsədimiz yeni texnologiyaların qabaqcıl istifadəçilərindən birinə çevrilmək, iqtisadi və sosial inkişaf naminə bu texnologiyalara çıxış əldə etməkdir”.