Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

  • Xalqın qələbəyə olan inamı Vətən müharibəsinin ilk günlərində ən böyük mənəvi güc idi  

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla başa çatan bu müharibə, Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğaldan azad edilməsi ilə nəticələnib. Qarabağ uğrunda gedən bu savaşda Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir texnologiyalardan səmərəli istifadə və xalqın böyük birliyi sayəsində mühüm qələbələr qazanıb. Müharibə zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları tam, Şuşa şəhəri isə strateji əhəmiyyətinə görə xüsusi olaraq azad edilib.

Nəticədə, həm Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, həm də regionda yeni geosiyasi reallıq formalaşdı. 44 günlük Vətən müharibəsi yalnız hərbi əməliyyat deyil, həm də xalqın birliyinin, milli iradəsinin və dövlət-xalq-ordu həmrəyliyinin təntənəsi oldu. Bu qələbə həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillərə qalacaq ən böyük qürur səhifəsi kimi dəyərləndirilir.

Xatırladaq ki, müharibənin gedişində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhər və rayonlarını atəşə tutması mülki əhali arasında itkilərə və genişmiqyaslı dağıntılara səbəb oldu. Gəncə, Bərdə, Tərtər, Füzuli və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, çoxsaylı mülki şəxslər həlak oldu və yaralandı. Azərbaycan tərəfi bu hücumları beynəlxalq humanitar hüququn pozulması və müharibə cinayətləri kimi qiymətləndirdi. Müharibə dövründə Ermənistan tərəfindən törədildiyi bildirilən sülh və insanlıq əleyhinə cinayətlər, mülki əhalinin hədəfə alınması və yaşayış məntəqələrinə endirilən zərbələrlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın informasiya və diplomatik fəaliyyətinin mühüm istiqamətlərindən biri oldu. Bu hadisələrin sənədləşdirilməsi, faktların beynəlxalq platformalarda təqdim edilməsi və müharibə cinayətləri ilə bağlı hüquqi qiymətləndirmə tələbləri sonrakı dövrdə də aktuallığını qorudu.

2020-ci il Qələbəsindən sonra regionda yaranmış yeni reallıqların möhkəmləndirilməsi istiqamətində növbəti mühüm mərhələ 2023-cü ilin sentyabrında baş verdi. Sentyabrın 19-da Qarabağda başlanan lokal xarakterli antiterror tədbirləri 23 saat 43 dəqiqə davam etdi. Azərbaycan Ordusunun əməliyyatı nəticəsində bölgədəki separatçı silahlı birləşmələr təslim oldu, qeyri-qanuni separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində bərpa edildi.

Bununla da Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran şəhərlərində Azərbaycan bayrağı ucaldıldı. Separatçı qurumun keçmiş rəhbərləri və bir sıra digər şəxslər barəsində hüquqi proseslər başlandı. 2023-cü ilin sentyabr hadisələri 2020-ci ildə qazanılmış hərbi Qələbənin ardınca ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən prosesin həlledici mərhələsi oldu.

Onu da deyək ki, torpaqlarımızın azad olunması istiqamətində ilk döyüşlərin getdiyi, düşmənin qurduğu istehkam və mövqelərin güclü olduğu ərazilərdən biri Cəbrayıl idi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunun irəliləyişində mühüm mərhələ oldu və sonrakı hərbi əməliyyatlar üçün yeni imkanlar yaratdı. Prezident İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində Cəbrayıl şəhərinin azad olunmasını böyük qürur hissi ilə elan edərək bu tarixin Azərbaycanın yaddaşında əbədi qalacağını vurğulayıb.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "Şərq"ə açıqlamasında bu günün Vətən müharibəsinin 6-cı günü olduğunu xatırladaraq deyib ki, hələ qarşıda bizi 38 günlük müharibənin gözlədiyini bilmirdik. Amma bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq:

“Adi müharibələrdə daha çox kədər, üzüntü və narahatlıq hiss olunur. Lakin bu müharibə Vətən müharibəsi idi. Ona görə də cəmiyyətin hər yerində fərqli bir ruh yüksəkliyi, birlik və həmrəylik hökm sürürdü. Hamı bir amal ətrafında birləşmişdi: torpaqlarımızın işğaldan azad edilməsi.

Azərbaycanın bu haqq savaşını fərqləndirən mühüm məqamlardan biri də dövlət rəhbərliyinin həm hərbi, həm də siyasi müstəvidə nümayiş etdirdiyi fəaliyyəti idi. Cənab Prezident İlham Əliyev bir tərəfdən Ali Baş Komandan kimi döyüşlərə rəhbərlik edir, digər tərəfdən beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyini və hüquqlarını qətiyyətlə müdafiə edirdi. Onun rəhbərliyi ilə həyata keçirilən xarici diplomatiya Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırdı. Cənab Prezident xarici media nümayəndələrinə müxtəlif dillərdə müsahibələr verir, Azərbaycanın haqq savaşının mahiyyətini beynəlxalq ictimaiyyətə izah edirdi”.

C.Hüseynzadə qeyd edib ki, 6 il əvvəl bu günləri xatırlayanda ilk növbədə telefonlarımızı əlimizdən yerə qoymadığımız günlər yadına düşür: “Daim xəbərləri izləyir, hər dəqiqə yeni bir məlumatın gəlməsini gözləyirdik. Çünki artıq sentyabrın 27-də bir neçə kəndimiz işğaldan azad edilmişdi və biz hər gün Prezidentin dilindən yeni qələbə xəbərləri eşidəcəyimizə inanırdıq.

Həmin gün Müdafiə Nazirliyi 13 məlumatla çıxış etmişdi. Bu məlumatların əksəriyyətində Azərbaycan Silahlı Qüvvələrinin düşmənin müxtəlif hərbi texnikasını və canlı qüvvəsini məhv etməsi ilə bağlı görüntülər yer alırdı.

Yadımdadır, həmin dövrdə yalnız mənim ailəmdə deyil, demək olar ki, bütün ailələrdə insanlar televizorların və telefonların qarşısına toplaşaraq bu görüntüləri izləyirdilər. Azərbaycan Hərbi Hava Qüvvələrinin düşmənə məxsus hərbi kolonları məhv etməsi ilə bağlı yayılan görüntülər insanlarda o qədər böyük sevinc yaradırdı ki, hər kəs sevincindən qışqırır, bu xəbərləri böyük coşqu ilə qarşılayırdı. Bunlar həqiqətən də unudulmaz, sevinc və qürur dolu günlər idi.

Amma bütün bunların içərisində ən mühüm məqam, hesab edirəm ki, xalqın qələbəyə olan inamı idi. Qarşıda bizi neçə günlük müharibənin gözlədiyini bilmirdik. Müharibənin nə zaman başa çatacağını da təsəvvür etmirdik. Lakin bir inamımız var idi: torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Məhz bu inam Vətən müharibəsinin ilk günlərindən etibarən xalqımızı birləşdirən ən böyük mənəvi güclərdən biri idi”.