ABŞ Prezidentinin növbəti addımını proqnozlaşdırmaq olmur, nüvə qorxusu artır
ABŞ Prezidenti Donald Tramp İranla bağlı kəskin bəyanat verib. O, Truth Social hesabından bildirib ki, "Bu gecə bütün İran yox olacaq və bir daha geri qayıtmayacaq.
İstəməzdim, amma ehtimal ki, baş verəcək. Lakin artıq daha ağıllı və radikallaşmamış düşüncələrin hakim olduğu tam və hərtərəfli rejim dəyişimi yaşanıb. Ola bilsin ki, bu tarixi an devrim xarakteri daşıyan möhtəşəm bir hadisəyə çevrilsin. Bu gecə, dünyanın uzun və mürəkkəb tarixində ən önəmli anlardan birini yaşayacağıq. 47 illik zəbt, korrupsiya və ölüm sona çatacaq. Tanrı İran xalqını qorusun!"
Trampın bəyanatını şərh edən politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trumpın olduqca ziddiyyətli və proqnozlaşdırılması çətin biri olduğunu deyib. Onun sözlərinə görə, Trampın davranışlarını qabaqcadan təxmin etmək mümkünsüzdür və bu səbəbdən “bu gecə bütün İran yox olacaq”, “bir sivilizasiya məhv olacaq” tipli bəyanatlar verirsə, demək ki, dünyanı olduqca dəhşətli bir hadisə gözləyir: “Əgər Tramp dediyi sözü reallaşdırsa, növbəti gün qlobal miqyasda taleyüklü və kritik bir hadisə yaşanacaq deməkdir. Onsuz da, Yaxın Şərqdəki münaqişə artıq beynəlxalq çərçivələrdən çıxaraq daha geniş və qlobal nəticələrə yol açmağa başlayıb. Tramp bir sivilizasiyanın məhvindən danışırsa, bu, potensial olaraq nüvə silahı istifadəsi ilə bağlı qorxuları gündəmə gətirir ki, bu da bəşəriyyət üçün yolverilməz və cinayət xarakteri daşıyan bir hərəkət olar”.
İran xalqının heç bir günahının olmadığını vurğulayan E. Xalidbəyli qeyd edib ki, münaqişə yalnız həmin ölkənin siyasi rəhbərliyi və dövlət sistemi ilə məhdudlaşdırılmalıdır:
“Amerika Birləşmiş Ştatlarının İran dövləti və dövləti idarə edən siyasi rejimlə bir problem varsa, mübarizəni də məhz həmin siyasi sistemlə aparmalıdır. Nüvə silahından istifadə isə bütöv bir xalqın məhvinə səbəb olacaq bir fəlakətdir. Trampın ziddiyyətli açıqlama vərdişlərini nəzərə alsaq, bəlkə də niyyəti nüvə zərbəsi endirmək deyil. Söhbət qısamüddətli hərbi əməliyyatlardan da gedə bilər. Bu baxımdan, ABŞ-ın yaxın saatlarda hansı addımı atacağını dəqiq demək mümkün deyil, lakin istənilən halda nəticələr region və dünya üçün kritik olacaq”.