Vüqar Bayramov: "Azərbaycanın zəfərindən sonra regionda yeni düzən formalaşıb"
Akif Nağı: "Ermənilər özlərini bir daha ifşa etdilər, dünyanın gülüş hədəfinə çevrildilər"
Elxan Şahinoğlu: "Ermənilərin Azərbaycana qarşı qətnamə tələbi ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi"
BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə keçirilən iclasında heç bir qərar qəbul olunmadı. Nə qətnamə, nə bəyanat, nə də mətbuata açıqlama oldu. Əslində, qətnamə və bəyanatın qəbul edilməsi gözlənilən deyildi. Prosedur qaydalarına görə, hansısa qərarın qəbulu üçün ya yekdilliklə səsvermə, ya da çoxluğun - 5 daimi üzvün də daxil olduğu 9 səs lazımdır. Bunun mümkünsüz olduğu əvvəldən bəlli idi. Xüsusilə Rusiyanın bölgədəki maraqları fonunda BMT-dən qərarın çıxmasına qarşı olması, o cümlədən, daimi və qeyri-daimi üzvlər arasında Azərbaycanı dəstəkləyən ölkələrin mövcudluğu fonunda əleyhimizə bəyanat inandırıcı deyildi.
Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyənlər oldu. Xüsusilə qeyri-daimi üzv olan Albaniya nümayəndəsinin çıxışı bu yöndə idi. Əksər nümayəndələrin çıxışları tövsiyə xarakteri daşıyırdı: - tərəflər arasında etimad mühitinin qorunması, sülh danışıqlarının davam etməsi və bütün bunların fonunda Laçın yolunun açılması və s. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Qarabağın bir hissəsində məskunlaşan ermənilərin guya "qida çatışmazlığı", "ac" olduqları, "humanitar fəlakət"lə üzləşdikləri haqda iddiaları rədd edib. Y.Əliyev sosial şəbəkələrdə Qarabağ ermənilərinin toy, ad günləri, müxtəlif təntənəli mərasimlər keçirdiyini, rəqs etdiyini, şənləndiyini və xoşbəxt olduğunu əks etdirən yüzlərlə videomateriallar olduğunu bildirərək, onların fotolarını təqdim edib. Bildirib ki, Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. BMT iclası Ermənistan üçün sıfır nəticə ilə yekunlaşıb. İrəvan və Parisin xəyalları puça çıxıb. Şübhəsiz, iclasda İrəvanı qane edən qərarın qəbul edilməməsi Ermənistanın növbəti diplomatik uğursuzluğudur. Ermənistan rəhbərliyi, lobbi və bir sıra ermənipərəst dairələrin aylarla çalışdığı BMT canfəşanlığı da bununla iflasa uğramış oldu. Əlbəttə, BMT Təhlükəsizlik Şurasının son iclası Ermənistanla bərabər həm də Fransanın diplomatik məğlubiyyəti sayıla bilər. Çünki sözügedən müzakirənin keçirilməsi ideyası Parisdən gəlmişdi və Ermənistan Fransanın təhriki ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Bu həm də separatçılar çox ciddi zərbə deməkdir. Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi baş tutacaq. Ağdam-Xankəndi yolunun Laçın yolu ilə eyni vaxtda açılması və Yevlaxda görüşün baş tutmasına şahidlik edə biləcəyik. Əks təqdirdə, separatçılar yaxşı bilir ki, Azərbaycan Ordusu hərəkətə keçəcək.
Millət vəkili Vüqar Bayramov "Sherg"az-a bildirib ki, BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Vətən müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb. Onu pozmaq, praktik olaraq, mümkün deyil:
"BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Ağdam-Xankəndinin yolunun bütün növ əmtəələrin daşınmasına hazır olmasını qeyd etməsi aydın şəkildə “blokada şousunun” sadəcə Ermənistanın manipulyasiyanın olduğunu göstərdi. 26 km. uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə baxımından da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Nəhayət, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etməsinin qarşısının alınması Azərbaycan diplomatiyasının yeni uğurudur".
Azad Vətən Partiyasının sədri Akif Nağı da bildirib ki, BMT-dəki iclasın bir neçə nəticəsi oldu. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan erməni yalanlarını bir daha ifşa etmək üçün yaxşı fürsət, tribuna əldə etdi:
"İclasda iştirak edənlər, elə siyasi proseslərdə maraqlı olan dairələr də Azərbaycan tərəfinin arqumentlərini diqqətlə dinləməli oldular. Ağdam-Xankəndi yolunun əhəmiyyəti hamı tərəfindən qəbul edildi. Zəngəzur dəhlizinin açılmasının vacibliyi yenidən dünyanın gündəminə gəldi. Hamı Azərbaycanın haqlı olduğunu, sarsaq ermənilərin "əlində qaldığı"nı gördü. Ermənilər özlərini bir daha ifşa etdilər, dünyanın gülüş hədəfinə çevrildilər. İclasdakı məğlubiyyət erməni cəmiyyətində gərginliyi bir qədər də artırmış oldu. Bundan sonra antiterror əməliyyatına başlasaq, dünya birliyinin bunu anlayışla qarşılayacağına əmin ola bilərik. Belə bir deyim var, "suda boğulanın xilası öz əlindədir". Bataqlıqda boğulanın isə özündən heç nə asılı deyil, yalnız ona uzadılan əldən tutub xilas ola bilər. Biz Türkiyə ilə birlikdə bu bədbəxtlərə əlimizi çoxdan uzatmışıq. Bunlar isə "mən səndən küstərəcik" məntiqi ilə hələ də başqa yerin "əli"ni gözləyirlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da vurğulayıb ki, ermənilərin Azərbaycana qarşı qətnamə tələbi ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi. Çünki hər ikisinin Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur:
"ABŞ və Böyük Britaniyanın BMT-dəki təmsilçiləri, sadəcə, Laçın yolunun açılmasının vacibliyini bildirdilər. Eyni zamanda alternativ yolların istifadəsini də mümkün saydılar. Ümumiyyətlə, Təhlükəsizlik Şurasında “Ağdam-Xankəndi yolu” ifadəsinin tez-tez səslənməsi faydalı idi. Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədilər, “Laçın yolu açılmalıdır” deməklə isə İrəvanı razı salmağa çalışdılar. Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışı isə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmindir. Bundan sonra nə olacaq? Ermənistanın hakimiyyət təmsilçiləri BMT-də Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbulunu məğlubiyyət kimi qiymətləndirməyəcəklər. "Biz mötəbər beynəlxalq təşkilatda Qarabağ ermənilərinin mövcud durumu və Laçın yoluyla bağlı müzakirələrə nail olduq” fikrini əsas tutacaqlar. Ancaq zaman keçdikcə bu müzakirələr unudulacaq, reallıq isə dəyişməyəcək. Qarabağ erməniləri Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar! Bu məsələdə güzəşt olmayacaq. Laçın yolu ilə bağlı da manevr imkanlarımız mövcuddur, hansı şərtlər daxilində bu yoldan daşınmanın mümkün olduğunu müəyyənləşdirməli və bəyan etməliyik ki, ermənilərin böyük dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana mümkün təzyiqlərini heçə endirək. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bizi iki hədəfimizdən yayındırmamalıdır. İki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalıyıq. Eyni zamanda Qarabağ separatçılarını tərksilah etməliyik".