CHP-də böhran: Özgür Özəl tribunada, zalda isə “Xain Kamal” şüarları səsləndi

Türkiyənin əsas müxalifət partiyası olan CHP-də rəhbərlik böhranı yeni mərhələyə keçib. Məhkəmə qərarından sonra yenidən partiya sədri vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlu qrup iclasının keçirilməsinə qarşı çıxsa da, CHP Qrup sədri Özgür Özəl parlamentdə toplantı keçirib.

Sherg.az xəbər verir ki, “Başqan Özgür” şüarları altında tribunaya çıxan Özəl çıxışı zamanı zaldan “Xain Kamal” səsləri yüksəlib. O isə tərəfdarlarını təhqiramiz şüarlardan çəkinməyə çağıraraq, diqqətin partiyanın gələcəyinə yönəldilməsinin vacib olduğunu bildirib.

Özgür Özəl çıxışında CHP-yə qarşı “siyasi və hüquqi müdaxilə” həyata keçirildiyini iddia edib, partiya daxilindəki bəzi şəxsləri sərt tənqid edərək onları xəyanətdə, böhtan kampaniyalarında və məhkəmə proseslərindən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırıb.

O, həmçinin CHP qurultayının ləğvi cəhdlərinin nəticəsiz qaldığını vurğulayaraq, partiya nümayəndələrinin qısa müddətdə növbədənkənar qurultayın çağırılması üçün tələb olunan saydan daha çox imza topladığını açıqlayıb.

Özəl çıxışının sonunda CHP-nin hakimiyyətə doğru yürüşə başladığını bəyan edib və partiya üzvlərini mübarizəni davam etdirməyə çağırıb. Bu hadisə CHP-də Kılıçdaroğlu və Özəl tərəfdarları arasında qarşıdurmanın daha da kəskinləşdiyini göstərən növbəti siyasi siqnal kimi qiymətləndirilir.