Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH

  • Azərbaycan-Çin tərəfdaşlığı ölkə üçün ciddi iqtisadi və siyasi üstünlük yaradır

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Si Cinpinə və Çin xalqına ünvanladığı təbrik məktubunda iki ölkə arasında siyasi dialoqun, qarşılıqlı etimadın və iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Bu mesaj təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də Azərbaycan və Çin arasında son illərdə möhkəmlənən siyasi etimadın və genişlənən tərəfdaşlığın göstəricisidir”.

Bu sözləri Sherg.az-a açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Naqif Həmzəyev deyib. 

Deputatın sözlərinə görə, Azərbaycan-Çin münasibətləri qısa müddətdə sürətlə inkişaf edərək yeni mərhələyə yüksəlib:

“2024-cü ildə Astanada strateji tərəfdaşlıq qurulub, 2025-ci ildə isə Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalanıb. Cəmi bir il ərzində tərəfdaşlığın iki mərhələ üzrə yüksəlməsi ikitərəfli münasibətlərin dinamikasını və siyasi dialoqun intensivliyini nümayiş etdirir. Bu tərəfdaşlığın ən önəmli istiqaməti nəqliyyatdır. Çin Orta Dəhliz boyunca Azərbaycanla və digər ölkələrlə birlikdə Xəzərüzəri ekspres marşrutların yaradılmasına, gömrük prosedurlarının asanlaşdırılmasına hazır olduğunu bildirib. Bu, Bakı üçün güclü siyasi dəstəkdir. Rəqəmlər də bunu təsdiqləyir. Prezidentin sözlərinə görə, 2022-ci ildən bəri Orta Dəhliz üzrə yük daşımaları təxminən 90 faiz artıb. Şimal marşrutu geosiyasi çətinliklərlə üzləşdiyi, cənub marşrutu isə sabit sayılmadığı üçün Azərbaycan Çin–Avropa ticarətində real alternativ təklif edir. Bunun faydası yalnız tranzit gəlirləri ilə məhdudlaşmır. Liman, dəmir yolu və loshgistika mərkəzləri yeni iş yerləri yaradır. Azərbaycan Şərq–Qərb arasında vacib düyün ölkəsinə çevrilir və bu rol onun beynəlxalq çəkisini artırır”.

N. Həmzəyevin sözlərinə görə, əməkdaşlıq təkcə yollarla bitmir:

“Bu ilin may ayında iki ölkənin xarici işlər nazirləri Çin investisiyası ilə qurulan istehsal müəssisələrinin iqtisadi əməkdaşlığa mühüm töhfə verdiyini vurğulayıblar. Enerji, yaşıl texnologiyalar və rəqəmsal iqtisadiyyat da gündəmdədir. Bu sahələr Azərbaycanın neftdən asılılığını azaltmağa kömək edə bilər. Siyasi tərəf də əhəmiyyətlidir. Çin Azərbaycanın ÜTT-yə tezliklə qəbulunu və ŞƏT-də statusunun yüksəldilməsini dəstəkləyib. Azərbaycan–Çin tərəfdaşlığı ölkə üçün ciddi iqtisadi və siyasi üstünlük yaradır”.