“Naxçıvanın inkişafı sadəcə daxili siyasət, ya da regional kontekstdə dəyərləndirilməli məsələ deyil. Bu qədim tarixi diyar geosiyasi və geoiqtisadi baxımdan bugünkü siyasətdə də önəm kəsb edən strateji nöqtədir”.
Sherg.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, son vaxtlarda Naxçıvanda aparılan genişmiqyaslı yenidənqurma işləri Muxtar Respublikanın inkişafına yeni impuls verib:
“Şəhərlər və yaşayış məntəqələri Naxçıvanda modern tələblərə uyğunlaşdırılaraq yenidən formalaşdırılır, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır. Həmçinin sosial siyasət Prezident İlham Əliyevin son dərəcə həssas yanaşdığı məsələlərdən biri olduğundan, sosial obyektlərin yenilənməsi və abadlıq işlərinin genişləndirilməsi Naxçıvanın bu günü üçün deyil, gələcəyi üçün mühüm baza formalaşdırır.
Naxçıvan həm də turizm baxımından strateji əhəmiyyətli yerdir. Çünki region qədim tarixi, zəngin mədəni irsi, tarixi abidələri, təbii resursları və özünəməxsus coğrafiyası ilə turizmin müxtəlif istiqamətlərini inkişaf etdirmək baxımından önəmli regiondur.
Modern turizm infrastrukturunun yaradılması, həmçinin əldə olan imkanların daha səmərəli şəkildə təqdim olunması baxımından Naxçıvanın iqtisadi fəallığı artırılmalıdır ki, yeni gəlir mənbələri formalaşdırılsın. Bu, sadəcə Naxçıvanın inkişafı üçün deyil, Azərbaycanın iqtisadi baxımdan daha da möhkəmləndirilməsi üçün olduqca önəmli məsələdir. Buna görə də, blokada reallığından artıq iqtisadi inkişaf reallığına keçməliyik. Blokada reallığından çıxılması qarşımızda yeni imkan və fürsət pəncərələri açır. Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat əlaqələrindən kənarda qalması şəraitində Naxçıvan öz potensialını lazım olduğu qədər üzə çıxara bilmirdi. Bu gün bu potensialın üzə çıxarılması vacibdir”.
Şəbnəm Həsənova vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, dövlət Naxçıvanı həmişə qanadları altında bərk saxlayıb:
“Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi Naxçıvanı gələcək əlaqələr baxımından da strateji nöqtəyə gətirir. Naxçıvanın məhz coğrafiyası onun strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan nəqliyyat, logistika, ticarət və yükdaşımalar sahəsində əhəmiyyətli gəlirlərin əldə olunması baxımından Naxçıvan önəmli regiondur.
TRIPP çərçivəsində nəzərdə tutulan kommunikasiyalar üçün Naxçıvan istiqamətində aparılan işlər sürətləndirilməlidir. Azərbaycan digər bölgələri inkişaf etdirməklə yanaşı, Naxçıvana da xüsusi əhəmiyyət verir. Cənubi Qafqazda uzun müddət bağlı qalmış kommunikasiyaların yenidən işlək vəziyyətə gətirilməsi baxımından Naxçıvan mühüm əhəmiyyət kəsb edir. Kommunikasiya layihələrinin bərpası təkcə yolları və dəmir yollarını əhatə etmir, burada böyük bir iqtisadi proses yaranır. Bu iqtisadi prosesdə Azərbaycan mərkəzdə yer alır, bu baxımdan da Naxçıvanın inkişafının stimullaşdırılması onun tranzit funksiyasının artmasına səbəb olur.
Naxçıvanın potensialı tam reallaşdırılarsa, o zaman bölgə sadəcə yüklərin daşınması baxımından deyil, onların qəbul olunması, saxlanılması, çeşidlənməsi və yeni istiqamətlərə yönləndirilməsi nöqteyi-nəzərindən də praktiki əhəmiyyət kəsb edəcək”.
Politoloq əlavə edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinə inteqrasiyası Naxçıvanın qarşısında yeni üfüqlər açır, bu, Azərbaycanın Avrasiyanın nəqliyyat sistemində mövqeyini daha da gücləndirir:
“Bu baxımdan Naxçıvanın inkişafı regionun inkişafının yeni mərhələsi deməkdir. Muxtar bölgə bu gün yeni dirçəliş dövrünü yaşayır. Bu da təsadüfi deyil. Söhbət mövcud infrastrukturun yenilənməsindən deyil, həm də regional sistemdəki Naxçıvanın funksiyasının dəyişməsindən gedir. Nəticə etibarilə, Azərbaycanın regional strategiyasında və qlobal siyasətində Naxçıvan önəmli yerə malikdir”.