“Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır”.
Sherg.az xəbər verir ki, bunu sentyabrın 21-də Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusundakı seminarda tarix elmləri doktoru Həsən Həsənov bildirib.
Professor çıxışında yerli elmi ictimaiyyətin və akademik dairələrin mövqeyini kəskin şəkildə tənqid edib. O, Azərbaycan tarixçilərinin ölkəmizin keçmişini dərindən araşdırmaqda və erməni saxtakarlığına qarşı vahid, qətiyyətli mövqe sərgiləməkdə passivlik nümayiş etdirdiklərini diqqətə çatdırıb.
H.Həsənov hazırda məktəb və universitet dərsliklərində tədris olunan tarix kitablarında ciddi səhvlərin və yanlış tezislərin yer aldığını açıqlayıb. O, tarixi faktların elmi əsaslarla tənzimlənməsi və dərsliklərdəki qüsurların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyinə müraciət etdiyini, lakin hələ də qurumdan heç bir müsbət reaksiya ala bilmədiyini təəssüflə vurğulayıb.