Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistanın paytaxtı Aşqabadda Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüş Ərdoğanın “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu” üçün səfərdə olduğu oteldə baş tutub. İki lider arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələrin aparıldığı güman edilir.
Görüşdə Türkiyə tərəfdən Xarici İşlər naziri Hakan Fidan, Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya Şöbəsinin rəhbəri Burhanettin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç və AK Parti Baş katib müavini Halit Yerebakan iştirak edib.
Ərdoğan, forumda çıxış edərək Rusiya-Ukrayna müharibəsinin sona çatmasının vacibliyini vurğulayıb:
"Qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz olan şimal qonşularımız Rusiya və Ukrayna arasında davam edən müharibənin sona çatması ən səmimi arzumuzdur. İstanbul Prosesi və digər diplomatik təşəbbüslər vasitəsilə atəşkəs və sülhə yönələn fəaliyyətləri dəstəkləməyə hazırıq."
Bu görüş bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına yönələn diplomatik addımların davamı kimi qiymətləndirilir.