- Bilirlər ki, Rusiyanın təsiri altında qalmağa davam etdikcə, talançı Köçəryan və Sarkisyan dönəminə geri qayıtmaq ehtimalı artacaq
Rusiya İrəvanla gərginləşən əlaqələri bərpa etmək məqsədilə "yumşaq güc" alətlərini işə salıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya və Ermənistan gəncləri iki ölkə arasında münasibətlərin əvvəlki vəziyyətə qayıtmasında böyük rol oynaya bilər.
Onun sözlərinə görə iki ölkənin mədəniyyətindən özünü ayrı tutmayan bütöv nəsillər yetişib. Zaxarova əlində dəqiq statistikanın olmadığını bildirsə də, söhbətin yüz minlərlə insandan getdiyini vurğulayıb. Diplomat qarşılıqlı əlaqələrin ənənəvi dəyərlər, çoxəsrlik tarixi bağlar və mədəni-dini baxışlar üzərində qurulmasının vacibliyini qeyd edib. Zaxarova Ermənistan hökumətini, xalqı süni seçim qarşısında qoymaqda ittiham edib. O, həmçinin etiraf edib ki, müasir Rusiya və Ermənistan gəncləri üçün ikitərəfli münasibətlər emosional baxımdan əvvəlki kimi həssas deyil. Zaxarovanın gənclərə çağırışına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə ölkəsinin gələcəyini Avropada gördüyünü və Qərb ölkələri ilə daha yaxın olmaq istədiyini açıqlayıb.
Zaxarovanın bel bağladığı gənc nəsil qayaya doğru irəliləyən Rusiya-Ermənistan gəmisini fəlakətdən xilas etməyə qadirdirmi?
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, Rusiyada nəinki ermənilərə, qarasaç və qaragözlü bütün xalqlara birmənalı olaraq "ikinci dərəcəli insan" kimi baxılır:
"Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyi, İrəvanın Avropaya meyil etdiyi və Paşinyanın ölkəni Rusiyanın orbitindən uzaqlaşdırdığı bir vaxtda Zaxarovanın belə bəyanatla çıxış etməsi gülməlidir. Rusların hər biri ermənilərə "xaçik" deyə müraciət edir. Bu, Moskvada yaşadığım dövrdə də belə idi. İndi də heç nə dəyişməyib. Çünki ermənilərin dini rusların dininə uyğun deyil. Rus Pravoslav Kilsəsi Erməni Kilsəsini "yeretik" (bidətçi) adlandırır. Yəni onların fikrincə, ermənilər Rus Pravoslav Kilsəsinə tam uyğun gələn xristianlıq ibadəti aparmırlar. Ermənilər də eyni şəkildə Rus Pravoslav Kilsəsinə fərqli münasibət bəsləyirlər. Demək istədiyim odur ki, məsələ heç də təqdim edildiyi kimi “qardaş xalqlar” münasibəti deyil. Nə din və kilsə, nə də sadə insani münasibətlər baxımından rusların ermənilərə, yaxud ermənilərin ruslara rəğbəti yoxdur. Əlbəttə, fərdi şəkildə vətəndaşların bir-biri ilə nikah bağlaması faktları mövcuddur. Hər iki xalqın tərəfin biznes əlaqələri genişdir".
Politoloqun sözlərinə görə, ruslar şovinist xislətlərindən irəli gələrək, Qafqaz xalqlarına yuxarıdan aşağı baxırlar:
"Məsələn, istənilən iş yerində maaş artımı və ya vəzifədə yüksəlmə məsələlərində ruslara daha çox önəm verilir. Bu, təkcə ermənilərə aid deyil. Rus vətəndaşı oldu-olmadı fərq etmir, azərbaycanlılardan tutmuş gürcülərə qədər münasibət birmənalı olaraq neqativdir. Zaxarova Ermənistanla əlaqələri yaxşılaşdırmaq üçün gənclərdən siyasi alət kimi istifadə edir. Diplomatik dildə bu yanaşma "yumşaq güc" strategiyası kimi xarakterizə olunur. Amma onun çağırışı fayda verməyəcək. Ermənistan gəncləri Avropaya yönəlməkdədir. İllərlə Rusiyanın kölgəsi altında yaşamaq Ermənistana və ölkənin gənclərinə müsbət heç nə qazandırmayıb. Əksinə, Rusiyanın təsirində olduqlarına görə, bütün nəqliyyat, logistika, boru xətləri və digər beynəlxalq layihələrdən uzaq qalıblar".
F.Abbasov onu da qeyd edib ki, Ermənistan Kremlin tapşırıqlarına xidmət edərkən, Azərbaycan Türkiyə və Gürcüstan regional layihələri müzakirə edərək, həll yolu tapırdılar:
"Ermənistanın bu gün Cənubi Qafqazda ən zəif dövlət statusunda qalmasının məsuliyyəti birbaşa Rusiyanın üzərinə düşür. Qarabağ xülyasına qapılanlar Ermənistan dövlətinin öz arzularını kölgədə qoydu. Ermənistan gəncləri də bizim gördüyümüz reallıqların fərqindədir. Bilirlər ki, Rusiyanın təsiri altında qalmağa davam etdikcə, talançı Köçəryan və Sarkisyan dönəminə geri qayıtmaq ehtimalı artacaq. Gənc nəslin Avropaya inteqrasiya yolundan dönüb, yenidən Rusiyanın diktəsi ilə barışacağına inanmıram. Qısası, Zaxarovanın açıqlaması real qarşılığı olmayan boş bir bəyanat kimi qalacaq".