Ermənistan Qafan hava limanını bərpa etməklə Azərbaycanı təxribata çəkmək istəyir - Ekspert
1991-ci ildən fəaliyyətsiz olan Qafan Hava Limanının indiki şərtlər daxilində yenidən bərpa edilməsinin real səbəbləri açıqlanmır. Statistik göstəricilər deməyə əsas yaradır ki, qeyd edilən hava limanı Ermənistan üçün sosial-iqtisadi baxımdan səmərəli deyil. 2021-ci il statistikasına görə, Qafan şəhərində cəmi 56 min nəfər əhali yaşayır. Qafan şəhərinin daxil olduğu Zəngəzur (Sünik) vilayətinin isə ümumilikdə 141 min nəfər əhalisi var. Bütövlükdə vilayətdə bir normal rayonun əhalisi qədər də insan yaşamır. Həmçinin vikipediya məlumatlarında İrəvanla Qafan arasındakı məsafə 121 mil (təqribən 194 kilometr) göstərilir. Bu və digər göstəricilərə əsaslanaraq demək olar ki, Qafan hava limanının açılmasına sosial-iqtisadi kontekstdə ciddi zərurət yoxdur. İqtisadi problemlər məngənəsində boğulan Ermənistanın sosial-iqtisadi zərurəti olmayan Qafan hava limanına investisiya yatırması və onun açılması üçün təkid etməsi suallar doğurur.
Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.
“Problem odur ki, Qafan hava limanı Azərbaycan sərhədinin bir neçə yüz metrliyində yerləşir. Məsafə o qədər qısadır ki, Azərbaycan sərhədçiləri aeroportun içində nə baş verdiyini rahatlıqla izləyə bilirlər. Sovet dövründə Qafan hava limanı tikilərkən bu amil nəzərə alınmayıb. Çünki o zaman respublikalar arasında faktiki olaraq heç bir sərhəd yox idi. Həmçinin bütün respublikalar vahid məkanın bir hissəsi idilər. İndi isə şərtlər dəyişib. İki respublika arasında sərhəd var. Həm də bu sərhəd mübahisəlidir, hələ tam müəyyənləşməyib. Belə mübahisəli ərazidə tələsik formada hava limanını işə salmaq Ermənistan hakimiyyətinə nə üçün lazımdır?
Məlumatlar göstərir ki, Ermənistan tərəfinin özü də bu problemin fərqindədir. Dünən ermənistanlı deputat Geqam Manukyan sosial şəbəkə hesabında yazıb ki, “Qafan Hava Limanı üzərində Azərbaycan bayrağı dalğalanır”. O, Qafan aeroportunun Azərbaycan sərhədinə çox yaxın olmasını və sərhəddə Azərbaycan bayrağının dalğalanmasını nəzərə alaraq bu ifadəni işlədib. G.Manukyan qeyd edir ki, Azərbaycanın razılığı olmadan, Ermənistan təyyarələrinin bu hava limanına eniş etməsi imkansızdır. Azərbaycan tərəfinin isə belə bir razılığı yoxdur. Çünki hava limanına eniş və uçuş edən təyyarələrin Azərbaycanın hava məkanını pozma ehtimalı var. Sərhədlərin müəyyən edilməməsi, hava limanının mübahisəli ərazidə yerləşməsi Azərbaycan tərəfinin razılığının alınmasını imkansız edir. Bütün bu şərtləri nəzərə alaraq, Ermənistanın özü də indiyədək bir neçə dəfə hava limanının açılışını təxirə salıb”, - deyə M.Ələsgərli bildirib.
Ekspert qeyd edib ki, ayrı-ayrı ölkələrin sərhəd məntəqələrində hava limanlarının inşası təcrübəsi dünyada mövcuddur. Avropa ölkələri bu təcrübədən yararlanırlar. Məsələn, “EuroAirport” Fransa ərazisində yerləşsə də, o, ekstraterritorial statusa malikdir. Fransa ilə paralel olaraq, İsveçrə də öz məqsədləri üçün ondan istifadə edir. Aeroportda praktiki olaraq Fransız və İsveçrə sektoru var, bölmə birbaşa terminalın ortasında kəsişir. Hər bir sektorun öz sərhəd və gömrük keçid məntəqələri var, orada müvafiq ölkələrdən olan zabitlər də çalışırlar. 1980-ci illərdən etibarən Almaniya da “EuroAirport”dan müştərək qaydada faydalanır. Amma məsələ ondadır ki, İsveçrə, Almaniya və Fransa “EuroAirport”u müştərək hava limanına çevirən xüsusi ikitərəfli və üçtərəfli müqaviləyə malikdirlər. Belə münasibətlər bütün hallarda ya ümumavropa qanunları ilə tənzimlənir, ya da ikitərəfli müqavilələrlə.
Ermənistan isə Azərbaycanla belə bir razılaşma imzalamağı ağlına gətirmir. Belə ki, Ermənistan Qafan Hava Limanının işə salınması üçün Azərbaycanla heç bir razılaşma imzalamayıb. Bu dövlət nəzərə almır ki, sülh müqaviləsi imzalamadan qonşu dövlətlə sərhəddə hava limanının istifadəyə verilməsi absurddur. Nümunə üçün deyə bilərik ki, Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanını inşa edərkən bu şərtləri nəzərə alıb. Eyni zamanda, hava limanı üçün sərhəddən uzaq məsafə seçilib. Hətta marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alınıb ki, təyyarələrin Ermənistan ərazisinə keçmək riski olmasın.
Ermənistanın nə ümumavropa qanunlarına, nə beynəlxalq standartlara, nə də qonşularla münasibətlərə məhəl qoymadan Qafan Hava Limanını açmağa qərar verməsi onun niyyətləri barədə şübhələrə yol açır. Bununla da Ermənistanın “mülki” ad altında bu hava limanından hərbi məqsədlər üçün istifadə edəcəyi barədə əsaslar yaranır. Əlbəttə, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycanla hərbi müstəvidə toqquşmaya cəsarət edəcəyi rasional görünmür. Amma ən azı ölkəmizi təxribata çəkmək istəkləri aşkar şəkildə görünür. BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasından sonra bu ehtimal daha da artır.