“Ermənistan müdafiə sənayesi genişmiqyaslı ixrac gücünə malik deyil”
Ermənistan tarixində ilk dəfə olaraq yerli istehsal və öz layihəsi əsasında hazırlanan silahları ixrac edib. Bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, cari ay ərzində məhsullar iki fərqli ölkəyə ixrac olunub və müqavilənin dəyəri bir neçə milyon dollar təşkil edib. Ayrapetyan ixrac edilən silahların növünü və onları alan ölkələrin adlarını açıqlamayıb: “Müqavilə logistika ilə bağlı çoxsaylı çətinlik və maneələrin aradan qaldırılması nəticəsində həyata keçirilib”.
Ermənistanın silah ixrac etməsini şərh edən hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, hazırda dünyada silah və sursat bazarında ciddi tələbat formalaşıb və bu vəziyyət həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə davam edən qarşıdurmalarla birbaşa bağlıdır. Onun sözlərinə görə, qlobal bazarda ən kiçik çaplı patronlardan başlayaraq raket sistemləri, pilotsuz uçuş aparatları, aviasiya vasitələri və zirehli texnikaya qədər geniş çeşiddə hərbi məhsullara ehtiyac kəskin şəkildə artıb. Belə bir şəraitdə Ermənistanın da müəyyən yerli müdafiə sənayesi məhsullarını ixrac etməyə başlaması gözlənilməz sayılmamalıdır.
Ermənistanın həyata keçirdiyi ixracın həcminin qlobal silah bazarının ümumi dövriyyəsi ilə müqayisədə olduqca kiçik olduğunu vurğulayan Ə. Verdiyev hesab edir ki, bu, ölkə iqtisadiyyatı üçün ciddi gəlir mənbəyi hesab oluna bilməz: “Dəyəri yüzmilyard dollarlarla ölçülən silah bazarında bir neçə milyonluq ixrac Ermənistan üçün ciddi bir gəlir mənbəyi hesab oluna bilməz. Ermənistan müdafiə sənayesinin texnoloji və istehsal imkanları hələ genişmiqyaslı silah ixracı həyata keçirməyə imkan vermir.
Ermənistanın istehsal etdiyi məhsullar arasında müxtəlif tipli pilotsuz uçuş aparatları var ki, bu vasitələr illər əvvəl ölkə rəhbərliyinə təqdim olunmuşdu. Lakin həmin sistemlərin heç birini 44 günlük Vətən müharibəsində tətbiq edə bilməmişdi. Görünür, Ermənistan son illərdə bu sahədə müəyyən texniki irəliləyiş əldə edib və artıq məhdud həcmdə də olsa, silah ixrac edən ölkələr sırasına daxil olmağa çalışır.
Lakin bu ixracın miqyası kiçik olduğu üçün regional təhlükəsizlik mühitinə təsir etmək imkanlarına malik deyil”.
Silahların növü və alıcı ölkələrin adlarının açıqlanmamasına toxunan ekspert bildirib ki, bu amil ixrac edilən məhsulların strateji və ya müharibələrin gedişatını dəyişdirə biləcək silah kateqoriyasına aid olmadığını göstərir: “Hesab edirəm ki, Ermənistanda gözlənilən parlament seçkiləri öncəsi təbliğat kampaniyasının tərkib hissəsi olaraq bu ixracat barəsində məlumatları məhz seçkilərdən 2-3 həftə əvvəl ictimaiyyətə təqdim etməklə, baş nazir Nikol Paşinyanı innovativ texnologiyalar və müdafiə sənayesi sahəsində nəticə əldə edən lider kimi təqdim etmək üçün təbliğat elementi kimi istifadə etməyə çalışır”.