Azərbaycan ilə Avropa ölkələri arasında enerji təhlükəsizliyi ilə yanaşı, geosiyasi, nəqliyyat və logistika sahələrində də əməkdaşlığa böyük maraq mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu cür qarşılıqlı müzakirələrin və tədbirlərin təşkil olunması tərəfdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
İsveçrənin neytral dövlət kimi xüsusi rol oynadığını vurğulayan Fərid Şəfiyev konfransda İsveçrə ilə yanaşı, İspaniya, Almaniya və digər Avropa ölkələrindən olan alim və mütəxəssislərin də iştirak etdiyini diqqətə çatdırıb:
“Tədbir çərçivəsində xarici qonaqların Qarabağa səfər edəcəkləri, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud mina problemləri ilə yerində tanış olacaqları nəzərdə tutulub”.