Finlandiya və İsveçdən sonra növbə Estoniyaya? - NATO-Rusiya qarşıdurması genişlənir

Estoniyanın müdafiə naziri Marqus Taxma deyib ki, Estoniya NATO-nun nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verə bilər.

“Ərazimizdə nüvə silahının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarına uyğun olaraq zəruri hesab edərsə, məsələn, nüvə silahının ölkəmizdə yerləşdirilməsini istisna edən hər hansı doktrinamız yoxdur”, - müdafiə naziri bildirib.

Politoloq Fuad Abbasov “Sherg.az”a NATO-nun Estoniya ilə bağlı planları bu ölkə alyansa daxil olduqdan sonra formalaşdığını deyib:

“Buna görə də Estoniya rəhbərinin belə bir açıqlama verməsi böyük ehtimalla ABŞ və Brüssellə razılaşdırılmış mesajdır. Ukraynada müharibənin davam etdiyi bir dövrdə müxtəlif platformalarda və şəhərlərdə sülh və ya atəşkəs razılaşması istiqamətində danışıqlar aparılır. Bu prosesdə NATO rəhbərliyi də öz təsir imkanlarından istifadə etməyə çalışır. Estoniya liderinin açıqlaması da böyük ehtimalla Vaşinqton və Brüssellə uzlaşdırılmış siyasi xəttin bir hissəsidir.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ukraynaya qarşı həyata keçirilən işğal siyasətindən sonra əvvəllər neytral mövqe saxlayan Finlandiya və İsveç NATO-ya üzv oldular. Onların NATO-ya daxil olması Rusiyanın təhlükəsizlik baxışına Estoniyada mümkün silah yerləşdirilməsindən daha ciddi təsir göstərir. Yəni Estoniya kimi kiçik bir dövlətin öz ərazisində nüvə silahı yerləşdirməsi simvolik mesaj xarakteri daşısa da, geosiyasi baxımdan Finlandiya və İsveçin üzvlüyü daha strateji əhəmiyyətə malikdir.

Bununla belə, Moskva bu cür açıqlamaları “qırmızı xətt” kimi qiymətləndirə bilər. Rusiya rəsmiləri, o cümlədən Dmitri Medvedev bir neçə dəfə bəyan ediblər ki, Ukrayna kampaniyasından sonra növbənin Baltik ölkələrinə çata biləcəyi ehtimalı mövcuddur”. 

Ekspert əlavə edib ki, Estoniyanın mövqeyi, ilk növbədə, NATO qarşısında öhdəliklərinə sadiqliyinin nümayişidir:

“Yəni, Estoniya göstərmək istəyir ki, alyansın təhlükəsizlik strategiyası çərçivəsində istər nüvə silahı, istərsə də digər hərbi sistemlərin yerləşdirilməsinə hazırdır. Bu, eyni zamanda, ABŞ-nin mümkün sülh və ya atəşkəs danışıqları kontekstində Rusiyaya göstərdiyi təzyiq siyasətinin bir elementi kimi də qiymətləndirilə bilər. Rusiya isə bunu cavabsız qalmayacaq. Mümkün addımlardan biri Baltik regionu və ümumilikdə Avropanın mərkəzinə yaxın yerləşən Kalininqrad bölgəsində nüvə və raket sistemlərinin sayının artırılması və onların yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməsi ola bilər. Bununla yanaşı, Moskvanın siyasi və diplomatik səviyyədə də Estoniya hökumətinə qarşı sərt reaksiyalar verməsi gözləniləndir”.