Gərginlik arxada qaldı, Netanyahu gəlir - ŞƏRH
Türkiyə və İsrail əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir
Bu ilin oktyabr-noyabr aylarında İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri baş tuta bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, iki ölkənin Xarici İşlər Nazirlikləri səfərin dəqiq tarixi ilə bağlı danışıqlar aparır: “Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq edirik. Yeni əməkdaşlıq sahələrinin olması da faktdır. Xüsusilə, Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. İsrail öz resurslarını Avropaya nəql etməyə çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Biz bunu son görüşümüz zamanı müzakirə etdik və işləri başlatdıq".
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, əslində, Türkiyə və İsrail əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir. Analitikin sözlərinə görə, son vaxtlar iki ölkə arasında müəyyən gərginlik yaşanırdı:

"Davosda Ərdoğanın İsrail Prezidenti Şimon Peresə verdiyi “one minute” reaksiyası və “Mavi Mərmərə” hadisəsindən sonra 2010-cı ildə Türkiyə İsraildəki səfirini geri çağırdı. Bir müddət sonra rəsmi Təl-Əvivin üzrxahlığı münasibətləri yumşaltdı və 2016-cı ilin iyununda diplomatik qurumlar yenidən fəaliyyətə başladı. Lakin 2018-ci ildə Qüds mitinqlərində 60 fələstinlinin öldürülməsindən sonra Türkiyə yenə Təl-Əvivdəki səfirini geri çağırdı. Bu gün Türkiyə yalnız İsraillə deyil, bütün region ölkələri ilə münasibətlərini korrektə etməyi qərara alıb. Ankaranın Şərqi Aralıq, Orta Şərq və Körfəz diplomatiyasında müşahidə edilən kəskin dönüşünün səbəbi Ankaranın bu bölgələrdə tədricən təklənməsinin qarşısını almaqdır. Həmçinin regionda planlaşdırılan genişmiqyaslı layihələrdən kənarda qalmamaq və geosiyasi oyunçu kimi qüvvələr balansında öz yerini qorumaq məqsədi daşıyır. Türkiyə Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İsrail, hətta Suriya ilə indiyədək olan gərgin münasibətlərini qarşılıqlı əməkdaşlıq zəmininə daşımağı hədəfləyir. Xüsusilə, İsraillə münasibətləri normallaşdırmaq üçün Ərdoğan bundan gözəl fürsət tapa bilməzdi. İqtidar dəyişsə də, İsrailin Qüds və Fələstin məsələsinə yanaşması dəyişməyib. Dəyişən Türkiyənin milli maraq məsələlərinə yanaşması və siyasi strategiyasıdır. Sərt, hədələmə diplomatiyasının yerinə kompramis xətt götürən Türkiyə Şərqi Aralıq dənizinin dibindəki “təbii qaz tortu”ndan öz payını götürmək üçün İsrail başda olmaqla bütün region ölkələri ilə əlaqələrini yaxşılaşdırmaq niyyətindədir".
A.Rəşidoğlu qeyd edib ki, Avropa Rusiyadan qaz asılılığına son qoymaq istəyir: "Şərqi Aralıqdakı qaz ehtiyatlarının üç yolla Avropaya daşınmasının mümkün olduğu qeyd edilir. Birinci yol İsrail-Kipr-Yunanıstan yolu, yəni “EastMed” layihəsidir. Bu layihənin bir neçə ildə baş tutması mümkün deyil. Çünki dənizin altı ilə çəkilməsi planlaşdırılan kəmərin uzunluğu 1900 km-dir ki, bu da böyük xərc və vaxt itkisi deməkdir. İtaliya nəşrinin iddiasına görə, digər yol maye qazın Misir üzərindən daşınmasıdır ki, bu da Avropa üçün sərfəli deyil. Çünki maye qaz təbii qazdan olduqca bahadır. Ən optimal yol isə onsuz da Cənub Qaz Dəhlizi layihəsinin mərkəzi sayılan Türkiyədir. Bu yolun seçilməsi ilə həm xərclər, həm də məsafə xeyli qısala bilər. Rusiyanın Ukraynanı işğal etdiyi, Avropanın üzərində təbii qazı bir təsir mexanizmi kimi istifadə etdiyi bir dövrdə Türkiyə və İsrailin Şərqi Aralıq dənizindəki təbii qazı Avropaya daşıması həm bu ölkələrin özlərinə, həm ABŞ-yə, həm də Avropa ölkələrinə sərfəlidir. Türkiyə-İsrail münasibətlərinin normallaşması heç də rəsmi Ankaranın və ya Təl-Əvivin geri addım atması kimi yox, mövcud geosiyasi konyukturun dəyişməsi və bu dövlətlərin maraqlarının üst-üstə düşməsi kimi şərh edilə bilər. Türkiyə və İsrail arasında ticarət dövriyyəsi, gərginlik səviyyəsindən asılı olmayaraq, artmaqdadır. 2020-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 6.2 milyard dollar olub. 2021-ci ildə isə bu rəqəm kəskin artaraq, 8.4 milyarda çatıb. Türkiyənin İsrailə ixracatı isə eyni ildə 35 faiz artaraq, 6.4 milyard dollar olub. Bu rəqəmlər onu deməyə əsas verir ki, İsrail və Türkiyə qarşılıqlı düşmənçilikdən yox, əməkdaşlıqdan qazanan dövlətlərdir".