Gözlədiyimiz gün: Ermənilər Azərbaycan qanunları ilə hərəkət etməyə başladı

“Pasport yoxlanışı postunun quraşdırılması rəsmi Bakının əlini gücləndirəcək”


Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib. “Caliber.az” məlumat yayıb ki, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət şəraitində həyata keçirilməkdədir. 

Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Bununla bağlı yayılan video-görüntülərdən sərhədçilərimizin qaydalara uyğun olaraq sərhədi keçən ermənilərin pasport yoxlanışını həyata keçirdiyini görmək mümkündür. Eyni zamanda, sərhədçilər Ermənistan dövlət nömrə nişanlı avtomobillərin içərisinə və yük yerlərinə də baxış keçirərək onların keçidinə icazə verir. Ötən gün sərhəd keçid məntəqəsindən 11 nəfərin istifadə etdiyi qeyd oolunub. Beləliklə, bir daha məlum olur ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun guya “blokadaya alınması” ilə bağlı yalan açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil. Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik və nəzarət tam təmin olunub. Qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur. Politoloq Samir Hümbətov deyib ki, Azərbaycan-Ermənistan sərhədindəki nəzarət buraxılış məntəqəsi həm Ermənistandakı mövcud hökumətə, həm Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarımıza, həm də regionda marağı olan dövlətlərə açıq mesajdır: "Əlbəttə, indi seçim Ermənistanındır. Ya kənar təxribatlara məruz qalmadan sülh danışıqları masasına oturub Azərbaycan tərəfindən irəli sürülən və beynəlxalq hüquqa uyğun olan şərtləri qəbul edəcək, ya da regionda uzunmüddətli münaqişənin qalıcı olmasına şərait yaradacaq ki, bu da son nəticədə Ermənistana ziyan vuracaq. Ona görə ki, Azərbaycan artıq öz sərhədlərinin mühafizəsini tam şəkildə həyata keçirir. Yəni Azərbaycanın bu məsələdə hər hansı narahatlığı yoxdur. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Hesab edirəm ki, Vaşinqton görüşündə tərəflər, o cümlədən Ermənistan mövcud vəziyyətini bilərək danışıqlar aparacaq. Əks təqdirdə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "bizə mənasız danışıqlar lazım deyil". 

Politoloq Turan Rzayev də bildirib ki, Laçında nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı postunun quraşdırılması rəsmi Bakının əlini gücləndirəcək. Analitik qeyd edib ki, hazırda Qarabağda yaşayan ermənilər ya qondarma qurumun, ya da Ermənistan pasportu daşıyır: 

"Ermənistan pasportu daşıyan şəxslər digər xarici ölkə vətəndaşları kimi müvafiq prosedur qaydalarından keçsə də, qondarma qurumun pasportunu daşıyan şəxslərdən ölkəyə buraxılmaları üçün mütləq şəkildə Azərbaycan Respublikasının pasportu tələb ediləcək. İkincisi, ermənilər uzun müddətdir iddia edirlər ki, guya Qarabağda 120 min erməni yaşayır. Erməni pasportu daşıyan şəxslər birmənalı şəkildə Ermənistan vətəndaşlarıdır. Pasport yoxlanışı köşkünün quraşdırılması həm də bu məsələdə dəqiq say əldə etməyimizə səbəb olacaq. Üçüncüsü, Azərbaycan humanitar yüklərin Qarabağa daşınmasına hələlik heç bir maneə yaratmır. Lakin bu proses əbədi belə davam edə bilməz. Ermənistandan gələn yüklərə mütləq rüsum qoyulmalıdır. Dördüncüsü, nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması növbəti mərhələdə Laçın dəhlizinin statusunun ləğv edilməsinə gətirib çıxacaq".