- “Buradan keçən tanker dayanırsa, neft bahalaşır, logistika xərcləri artır”
İran parlamentinin (Məclis) sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Hörmüz boğazı ABŞ İranla imzalanmış memorandumun şərtlərini yerinə yetirənədək açılmayacaq.
İranın "Mehr" agentliyi Qalibafın sözlərinə istinadən yazıb ki, Tehrana qarşı blokada aradan qaldırılmayana, dondurulmuş İran aktivləri açılmayana, neft embarqosu ləğv edilməyənə, bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar dayandırılmayana, eləcə də memorandumun digər şərtləri yerinə yetirilməyənədək Hörmüz boğazının açılması mümkün deyil.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarının ən mühüm strateji keçidlərindən biridir. Onun bağlanması və ya gəmiçilik üçün ciddi məhdudiyyətlərin yaranması ilk növbədə Səudiyyə Ərəbistanı, İraq, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi Körfəz ölkələrinin enerji ixracına birbaşa təsir göstərə bilər.
Bəs dünyanın diqqət mərkəzində olan Hörmüz boğazı əslində kimə məxsusdur? İranın, yoxsa Omanındır? Yaxud ABŞ Prezidenti Donald Trampın son açıqlamalarında səsləndirdiyi kimi, gələcəkdə bu strateji su yolunun ABŞ nəzarətinə keçməsi mümkündürmü?
İlk baxışda bu, sadə coğrafi sual kimi görünə bilər. Lakin Hörmüzün statusu və burada baş verən proseslər bundan qat-qat mürəkkəbdir. Çünki söhbət dünyanın ən mühüm enerji və ticarət arteriyalarından birindən gedir. Bu gün boğazda yaranan gərginlik artıq yalnız İran və ABŞ arasındakı qarşıdurmanın məsələsi deyil. Burada qlobal enerji təhlükəsizliyi, beynəlxalq gəmiçilik və dünya iqtisadiyyatının sabitliyi kimi daha geniş maraqlar toqquşur.
Hörmüzün əhəmiyyətini gəmiçilik statistikasındakı dəyişiklik də aydın göstərir. Müharibədən əvvəl boğazdan sutka ərzində 130-dan çox kommersiya gəmisi keçirdi. Hazırda isə bu göstərici kəskin şəkildə aşağı düşüb. Avqustun 15-də Hörmüzdən cəmi 5 kommersiya yük gəmisi keçib, avqustun 16-da isə heç bir kommersiya gəmisinin keçidi qeydə alınmayıb.
Bu, dünyanın ən intensiv istifadə olunan dəniz marşrutlarından birində gəmi hərəkətinin faktiki olaraq dayanma həddinə çatdığını göstərir.
Bəs bu kəskin dəyişiklik nədən qaynaqlanır? Nə baş verir ki, beynəlxalq gəmiçilik şirkətləri dünyanın ən mühüm enerji marşrutlarından birində fəaliyyətlərini bu qədər ciddi şəkildə məhdudlaşdırırlar?
Hörmüz boğazının qlobal enerji təchizatında əhəmiyyətli rol oynadığını vurğulayan siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a açıqlamasında bildirib ki, normal şəraitdə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri məhz bu marşrutdan keçir. Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsinin daşınması da Hörmüzdən asılıdır: “Bu səbəbdən boğazda yaranan hər hansı ciddi problem yalnız İran və ya ABŞ üçün əhəmiyyət daşımır. Təsirlər qısa müddətdə Çinə, Hindistana, Yaponiyaya, Cənubi Koreyaya və digər böyük enerji istehlakçılarına, nəticə etibarilə isə bütün dünya bazarlarına yayılır. Hörmüzdə gəmiçilik dayananda bunun təsiri enerji qiymətlərindən tutmuş nəqliyyat xərclərinə və qlobal inflyasiyaya qədər bir çox sahədə hiss oluna bilər. Coğrafi baxımdan Hörmüz boğazı İran və Oman arasında yerləşir. Boğazın şimal sahili İranın, cənub sahili isə Oman ərazisinin tərkibindədir. ABŞ-ın isə burada ərazi suverenliyi yoxdur.
Bu məqam xüsusilə ona görə vacibdir ki, ABŞ Prezidenti Donald Tramp son günlər Hörmüz üzərində ABŞ nəzarətindən, hətta gələcəkdə boğazın ABŞ ərazisinə çevrilməsi ehtimalından danışıb. Lakin siyasi bəyanatla beynəlxalq hüquqi reallığı bir-birindən ayırmaq lazımdır. Bir dövlətin liderinin açıqlaması başqa dövlətlərin ərazi sularını avtomatik olaraq həmin ölkənin ərazisinə çevirmir. Belə bir dəyişiklik beynəlxalq hüquq baxımından tamam başqa prosedurlar və siyasi razılaşmalar tələb edir. Bu baxımdan Trampın açıqlamalarına daha çox ABŞ-ın bölgəyə dair siyasi və strateji niyyətlərini göstərən mesaj kimi yanaşmaq mümkündür. Vaşinqtonun əsas məqsədi Hörmüz üzərində formal ərazi suverenliyi əldə etməkdən daha çox, bu mühüm su yolunun beynəlxalq gəmiçilik üçün açıq qalmasını təmin etməkdir.
İran isə məsələyə tamamilə fərqli prizmadan yanaşır. Tehran öz milli təhlükəsizliyini və ərazi suları üzərində suveren hüquqlarını əsas götürür. Beləliklə, Hörmüz ətrafında əsas mübahisə yalnız gəmiçilik azadlığı ilə bağlı deyil. Burada İranın suverenlik iddiaları ilə beynəlxalq gəmiçilik və təhlükəsiz keçid prinsipləri arasında mürəkkəb hüquqi və siyasi qarşıdurma yaranır.
Məhz buna görə Hörmüz boğazında baş verənlərə yalnız xəritədəki coğrafi mövqe kimi baxmaq olmaz. Bu dar su keçidi hazırda Yaxın Şərqdəki geosiyasi qarşıdurmanın, qlobal enerji təhlükəsizliyinin və beynəlxalq ticarətin kəsişdiyi ən həssas nöqtələrdən birinə çevrilib”.
Ə. Şahidovun sözlərinə görə, BMT-nin Dəniz Hüququ Konvensiyasında beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlarla bağlı tranzit keçid prinsipi mövcuddur:
“Lakin burada da hüquqi mübahisə var. İran konvensiyanı imzalayıb, amma ratifikasiya etməyib. Amerika Birləşmiş Ştatları isə konvensiyanın tərəfi deyil. Lakin Vaşinqton hesab edir ki, belə strateji boğazlardan beynəlxalq gəmilərin keçid hüququ yalnız bir müqavilədən deyil, beynəlxalq hüquqda formalaşmış ümumi qaydalardan irəli gəlir. Tehran isə bu yanaşmanı qəbul etmir. Yəni məsələni "İran tam haqlıdır" və ya "ABŞ tam haqlıdır" kimi təqdim etmək düzgün olmaz. Burada beynəlxalq hüquqla milli təhlükəsizlik maraqları ciddi şəkildə toqquşur.
Amma Hörmüzün əsl əhəmiyyətini anlamaq üçün xəritədən bir az uzaqlaşmaq lazımdır. Təsəvvür edin, tanker Hörmüz boğazından keçə bilmir, gəmi sahibi marşrutu dəyişir, sığorta şirkəti risk haqqını artırır, nəticədə daşınma bahalaşır, neft bahalaşır, sonra bunun təsiri yanacağa keçir, daha sonra logistika xərcləri artır. Yəni Hörmüz xəritədə dar bir boğazdır əslində, amma dünya iqtisadiyyatı üçün böyük bir şah damar kimidir. Və bu səbəbdən də bugün Vaşinqtonda da, Pekində də, Dehlidə də, Tokioda da, Seulda da eyni sual verilir: Bəs Hörmüz boğazı nə vaxt və necə açılacaq?
Burada bir başqa vacib məsələ də var. Hörmüz boğazının hüquqi olaraq açıq olması ilə faktiki olaraq açıq olması əslində eyni şey deyil. İran deyə bilər ki, "biz boğazı bağlamamışıq", amma gəmi sahibi deyə bilər ki, "mən bu marşrutdan keçməyə risk etmirəm". Sığorta şirkəti də eyni fikirdə ola bilər və bu halda boğaz əslində kağız üzərində açıq qalır, amma praktikada isə bağlıdır. Hazırkı vəziyyətin əsas ciddi tərəfi də məhz budur. Və son hücumlardan sonra kommersiya gəmiçiliyinin kəskin azalması da bunu bir daha göstərir”.
Ə. Şahidov qeyd edib ki, Hörmüz böhranından çıxış yolu hərbi qarşıdurmanın daha da dərinləşdirilməsi deyil, İran və ABŞ arasında müəyyən kompromisin əldə olunmasından keçir. Onun sözlərinə görə, bu prosesdə Oman vasitəçi rolunu daha da gücləndirə bilər. Məqsəd isə Hörmüzün mərhələli şəkildə təhlükəsiz gəmiçilik üçün açılmasını təmin etmək olmalıdır: “Bunun üçün ilk addım kommersiya gəmilərinə qarşı hücumların dayandırılması, təhlükəsiz keçid marşrutlarının müəyyənləşdirilməsi və tərəflərin həmin marşrutların toxunulmazlığına təminat verməsi ola bilər. Beynəlxalq mexanizmlərin, xüsusilə Beynəlxalq Dənizçilik Təşkilatının prosesə cəlb olunması isə bu razılaşmanın etibarlılığını və praktiki icrasını gücləndirə bilər. Çünki Hörmüzün açıq qalması nə yalnız İranın, nə də yalnız ABŞ-ın marağındadır. Bu, bütün dünya enerji bazarının, beynəlxalq ticarətin və qlobal iqtisadi sabitliyin marağındadır.
Azərbaycan baxımından da ən məqbul nəticə məhz budur. Bölgədə müharibənin genişlənməsi Azərbaycanın yaxınlığında əlavə təhlükəsizlik riskləri yarada bilər. Düzdür, enerji qiymətlərinin yüksəlməsi qısa müddətdə Azərbaycan üçün müəyyən iqtisadi üstünlüklər yarada bilər. Lakin uzunmüddətli regional qeyri-sabitlik və genişmiqyaslı müharibə ölkəmizin nəqliyyat, enerji və ticarət maraqlarına ciddi zərər vura bilər. Ona görə də Bakı üçün ən doğru və uzunmüddətli yanaşma regional sabitliyin qorunması, beynəlxalq enerji və nəqliyyat marşrutlarının açıq saxlanılması, həmçinin İran-ABŞ qarşıdurmasının daha geniş regional müharibəyə çevrilməsinin qarşısının alınmasıdır”.