“Rusiya Cənubi Qafqazda köhnə ssenarini yenidən işə salır”
"Zavallı Paşinyanın buna necə tab gətirəcəyini zaman göstərəcək"
Ermənistanda iyun ayının 7-nə planlaşdırılmış növbəti parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının daha bir rəqibi aktivləşib. Bu, katalikos II Qaregindir. O da "Erməni Milli Konqresi", "Güclü Ermənistan" partiyası, “Hayastan” bloku kimi Nikol Paşinyanın məğlubiyyətini arzulayır və bu məqsədlə fəaliyyətə keçib.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında seçkiöncəsi II Qareginin yenidən “zühurunu” belə izah etdi:
- Ötən dövr ərzində Ermənistan baş naziri kilsənin yaratdığı acınacaqlı durumdan imtina etməyə cəhd göstərirdi. Əslində bu proses N.Paşinyanın “II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var” iddiaları ilə gündəmə gəlmişdi. Baş nazirın komandasının sərrast ittihamlarından və effektli tədbirlərindən sonra II Qaregin bir müddət qeyb olmuşdu. Amma Erməni Apostol Kilsəsinin rəhbəri indi yenidən peyda olub. Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında II Qaregin erməni diasporuna müraciət ünvanlayıb. Muraciətdə diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi çağırışı da yer alıb. Həmçinin erməni mediasının verdiyi məlumata görə, katolikos 12 aprel tarixində gənclərlə görüşündə bəzi mesajlar verib. O, çıxışında bildirib: “Arzuolunmaz bir vəziyyətlə üz-üzəyik, belə ki, kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb”. Heç şübhəsiz ki, II Qaregin Ermənistanda seçkiöncəsi Rusiyanın dəstəklədiyi revanşistlərə dəstək məqsədilə erməni diasporunun və digər qüvvələrin köməyindən yararlanmaq istəyir. Bütün bu proseslərdə Şimal qonşumuzun barmaq izləri görünür. Tarixə nəzər salsaq Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən hər zaman yararlanmağa çalışıblar. Onu da unutmaq olmaz ki, Moskva Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistanı asanlıqla əldən buraxacağı inandırıcı deyil və iyun seçkisi yaxınlaşdıqca digər sürprizlər gözləmək olar. Rusiya bütün vasitələrə əl atacaq ki, regionda hegemonluğunu qoruyub saxlaya bilsin. Zavallı Paşinyanın buna necə tab gətirəcəyini zaman göstərəcək. Unumayaq ki, Ermənistanda parlament seçkisi həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir. Diqqət edilməli məqam isə budur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir.