İran ABŞ bazasını yarım əsrlik qırıcı ilə vurdu? - Zərərin 5 milyard dolları...

ABŞ mediasında yayılan məlumatlara görə, İranla müharibə zamanı Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə dəyən zərər rəsmi açıqlanandan daha böyük olub. "NBC News"-un ekspert rəylərinə əsaslanan xəbərində bildirilir ki, İranın hücumları nəticəsində 7 ölkədə yerləşən 100-dən çox ABŞ hərbi hədəfi zədələnib və ya məhv edilib.

Sherg.az xəbər verir ki, İran raket və pilotsuz uçuş aparatları ilə ABŞ ordusunun istifadə etdiyi anqarları, anbarları, rabitə və radar sistemlərini hədəfə alıb. Ekspertlər zədələnmiş hərbi infrastrukturun bərpasının 5 milyard dollardan çox vəsait tələb edə biləcəyini bildirirlər.

ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri olan Al Udeid Air Base də hücumlara məruz qalıb. Həmçinin Camp Buehring, Ali Al Salem Air Base və Al Dhafra Air Base obyektlərində ciddi ziyan yarandığı iddia edilir.

Xəbərin ən diqqətçəkən hissəsi isə İranın ABŞ bazalarından birinə köhnə Northrop F-5 qırıcısı ilə hücum etdiyi barədə məlumatdır. Bildirilir ki, 1960-cı illərdə istehsal edilən və sonradan modernləşdirilən F-5 təyyarəsi Küveytdəki Camp Buehring bazasına zərbə endirib.

Analitiklər bu məlumatın təsdiqlənəcəyi halda hadisənin qeyri-adi xarakter daşıdığını vurğulayırlar. Onların fikrincə, köhnə F-5 qırıcısının çoxqatlı hava hücumundan müdafiə sistemlərini keçərək hədəfə çatması ciddi suallar doğurur. Buna görə də bəzi ekspertlər hücumda istifadə olunan təyyarə tipinin səhv müəyyənləşdirilmiş ola biləcəyini istisna etmirlər.