Yaşar Onay: “Ölkənin siyasi və təhlükəsizlik qurumları liderlik prosesində ciddi çəkiyə malikdir”
İranda yeni ali dini liderin kim olacağı məsələsi diqqətçəkən mövzulardan biridir. Bir neçə insanın adı hallandığı halda ABŞ qəti şəkildə bu vəzifəyə heç kimin gəlməyini istəmir. Gəldiyi halda, öldürüləcəyini söyləyir.
Qeyd edək ki, ali dini rəhbərin seçimini ölkənin daxili siyasi və dini institutları həyata keçirir. Bu proses dövlətin sabitliyi və institutların funksionallığı baxımından da əhəmiyyətlidir.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə türk ekspert, Kent Universitetinin professoru Yaşar Onay Sherg.az-a İranın siyasi və dini quruluşunun özünəməxsus xüsusiyyətlərə malik olduğunu deyib:
"İranda liderlik məsələləri həm daxili institutlar, həm də güc strukturlarının təsiri altında formalaşır. Mütəxəssislər Məclisi, ölkənin ali dini rəhbərini seçmək hüququna malik əsas qurum olmaqla yanaşı, bu prosesdə dövlətin müxtəlif strukturlarının, xüsusilə təhlükəsizlik və hərbi orqanların rolu da nəzərə alınmalıdır. Hazırkı dönəmdə baş verən hadisələr göstərir ki, lider seçimi təkcə bir şəxsin müəyyənləşməsi deyil. Bu həm də siyasi sabitliyin, dövlət institutlarının funksionallığının və rejimin davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Beynəlxalq aktorlar birbaşa qərar qəbul edə bilməsələr də, regional və qlobal kontekstdə müəyyən dolayı təsirlər mümkündür".
Ekspert İranda ən yüksək dini lider məsələsinin xaricdən müəyyən edilə biləcək mövzu olmadığını bildirib:
"İran Konstitusiyasına görə bu səlahiyyət Mütəxəssislər Məclisinə aiddir. 88 müctəhiddən ibarət olan bu qurup yeni dini lideri seçmək səlahiyyətinə malik yeganə orqandır. Lakin İranın siyasi quruluşunu bilən hər kəs bunu da bilir ki, bu cür qərarlar yalnız dini meyarlara əsaslanmır. Dövlətin təhlükəsizlik qurumları, xüsusilə İnqilab Keşikçiləri Ordusu kimi güclü strukturlar bu prosesin arxa planında ciddi çəkiyə malikdir.
Dünən Mütəxəssislər Məclisi binasına atəş açılması kimi hadisələr göstərir ki, İran yalnız xarici təzyiq altında deyil. O, eyni zamanda ölkə daxilində də son dərəcə gərgin bir dövr yaşayır. Belə vaxtlarda veriləcək qərarlar yalnız bir şəxsi seçmək mənasına gəlmir. Əslində məsələ, rejimin davamını və dövlətin bütövlüyünü qoruyacaq tarazlıq qurmaqdır.
Amerika Birləşmiş Ştatlarının bu seçkidə birbaşa iştirakı mümkün deyil. İranın siyasi sistemi buna imkan vermir. Lakin böyük güclərin belə kritik dövrlərdə tamamilə kənarda qaldığını demək də real deyil. Regional təzyiqlər, siyasi hesablar və güc tarazlıqları vasitəsilə dolayı təsirlər yaratmağa çalışırlar".
Analitik İranda uzun müddətdir bəzi ehtimalların müzakirə olunduğunu söyləyib:
"Bunlardan biri Möctəbə Xamenei, yəni mövcud liderin oğludur. Bununla yanaşı, sistem daxilində güclü dini və qurumsal əlaqələrə malik digər şəxslər də mövcuddur. Lakin İran kimi qapalı siyasi quruluşda liderlik məsələsi çox vaxt son ana qədər aydınlaşmır.
İran sistemi böhran dövrlərində ani sarsıntılar yaşamır. Adətən ideoloji xətti davam etdirəcək, dövlət institutları ilə uyğun işləyə biləcək və rejimin davamını təmin edə biləcək bir şəxs üzərində razılıq axtarılır. Çünki İran üçün əsas məsələ yeni lider tapmaq deyil. Əsas məsələ dövlətin davamlılığını və nizamın ayaqda qalmasını təmin etməkdir".