“Kalaşnikov” avtomatları ölkəyə necə keçirilir?”

Politoloq sualı əlaqədar qurumlara ünvanlayır

  Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutulub. Bu barədə  “Şərq”ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Baba Sadıqov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 1 ədəd daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin sosial şəbəkədə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən olunub.
  Belə ki, Baba Sadıqov ifadəsində pul qarşılığında həmin silah-sursatı Qobustan rayonundan Bakı şəhərinə aparmağa razılaşdığını bildirib.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
  Qeyd edək ki, qanunsuz silah gəzdirən şəxslərin sayı artıb. Ekspertlər isə hesab edir ki, qanunsuz odlu silah saxlama və silah qaçaqmalçılığının miqyasını təxmin etmək çox çətindir və qeyri-qanuni silah alveri onilliklər ərzində problem olaraq qalacaq.

  Politoloq Azər Rəşidoğlu da “Şərq”ə açıqlamasında deyib ki, qanunsuz silahların vətəndaşlar arasında yayılması, onların qeydiyyata alınmaması ciddi problemdir. Bu baxımdan, hüquq-mühafizə orqanlarının belə hallara qarşı mübarizəsi anlaşılan və təqdirəlayiqdir: 

“Həmin silahların İrandan və yaxud başqa ölkədən gətirilməsi, kimə məxsus olmasını demək üçün istintaq materialları ilə tanış olmaq lazımdır, bu barədə məlumata malik deyiləm, bir söz deyə bilmərəm. Hansısa ölkə Azərbaycana qarşı diversiya və terror hazırlayırsa, bunun qarşısını almaq üçün Azərbaycanın imkanları böyükdür. İnanmıram ki, “Kalaşnikov” avtomatları ilə ölkədə sabitliyi pozmaq mümkün olsun, bu istiqamətdə bədxahlarımızın başqa planları ola bilər və əminəm ki, hüquq-mühafizə orqanları bunun qarşısını almaq gücündədir. Belə avtomatlar ayrı-ayrı kriminal qruplar arasında yayıla bilər və bu, ölkədə kriminogen duruma təsir göstərə bilər. “Kalaşnikov” avtomatları ölkəyə necə keçirilir” sualı ciddi sualdır və buna cavab vermək üçün səlahiyyətim və məlumatım yoxdur. Mən də bu sualı əlaqədar qurumlara ünvanlayıram – “Kalaşnikov” avtomatları ölkəyə necə keçirilir?”.