Kreml Ukrayna bataqlığından çıxmaq üçün yenidən ABŞ-yə üz tutur - ŞƏRH

  • Məhəmməd Əsədullazadə: "Rusiya Ankoric formatını dirçəltməklə Vaşinqtonun Kiyevə dəstəyini zəiflətmək istəyir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada keçirilən ASEAN nazirlər tədbirləri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

 Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli və beynəlxalq məsələlərin geniş spektri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Ukrayna məsələsinin müzakirəsi zamanı Sergey Lavrov amerikalı həmkarına təmas xətti boyunca real vəziyyət barədə məlumat verib və Ukrayna hakimiyyətinin daha da silahlandırılmasının, Rusiya üçün “strateji məğlubiyyət” axtarmağa davam edən Avropa ölkələrinin ümumilikdə qeyri-sabitlik yaradan siyasətinin yolverilməzliyini vurğulayıb. Lavrov Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həllinə hazır olduğunu və Rusiya liderinin razılaşdığı Alyaskada prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüşdə Amerika tərəfinin irəli sürdüyü təkliflərə sadiq olduğunu bir daha təsdiqləyib.

Sherg.az xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə uzun fasilədən sonra baş tutan bu görüşün əsasən Ukrayna müharibəsi ilə bağlı diplomatik təmasların bərpası üçün zəmin yaratmağa hesablandığını bildirib. Mövcud reallıq fonunda Vaşinqton və Moskvanın əvvəlki formatda yenidən yaxınlaşmasının mümkün görünmədiyini vurğulayan ekspertin sözlərinə görə, Rusiya yenidən Ankoric formatına qayıtmaq istəyir:

“Ancaq ABŞ Dövlət katibi Marko Rubio bu təklifə müsbət yanaşmayıb. Çünki Vaşinqton Ukrayna-Rusiya müharibəsində neytral vasitəçi deyil, Kiyevi dəstəkləyən əsas tərəflərdən biridir. NATO-nun Ankara sammitində də ABŞ Avropa müttəfiqləri ilə birlikdə Ukraynaya dəstəyini davam etdirəcəyini nümayiş etdirdi. Bundan əlavə, Vaşinqtonun Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya verməsi fonunda Kremlin yenidən ABŞ-dan vasitəçilik istəməsi diqqət çəkən məqamdır."

Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanın diplomatik fəallığını artırmasının əsas səbəbi cəbhədə üzləşdiyi strateji çətinliklərdir: "Kreml artıq anlayır ki, Ukrayna müharibəsində dərin strateji bataqlığa düşüb. Vladimir Putinin əvvəllər irəli sürdüyü ərazilərin mübadiləsi ilə bağlı mövqedən geri çəkilməsi də məhz bu vəziyyətin nəticəsidir. Əslində Ukraynanın öz suveren ərazilərini hər hansı alver predmetinə çevirməsi üçün əsas yoxdur. Hazırkı mərhələdə Kiyev hərbi və siyasi baxımdan əvvəlki dövrlərlə müqayisədə daha əlverişli mövqedədir."

Ekspert hesab edir ki, Moskvanın əsas məqsədi ABŞ-nin Ukraynaya hərbi-siyasi dəstəyini zəiflətməkdir: "Rusiya Ankoric formatını yenidən gündəmə gətirməklə Vaşinqtonun Kiyevə verdiyi dəstəyi zəiflətməyə çalışır. Lakin indiki şəraitdə Donald Tramp administrasiyasının belə bir ssenariyə razılıq verməsi inandırıcı görünmür. Moskva artıq birbaşa Ukrayna ilə danışıqların bərpasına üstünlük verir və bununla bağlı növbəti həftə Rusiya nümayəndə heyətinin Kiyevə göndərilməsi gözlənilir”.