Marqaryan: Azərbaycanlıları Ermənistanda görmək istəyirik

“Artıq bərqərar olan sülh gücləndikcə, zamanla Azərbaycan və Ermənistan arasında gediş-gəliş də başlaya bilər”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Armine Marqaryan deyib.

Ekspertin fikrincə, Ermənistanın radikal-revanşist müxalifəti son seçkilər ərəfəsində sülhlə bağlı təxribatçı və manipulyativ təbliğata əl atsa da, bununla xalqın səsini ala bilməyib.

“Ümid edirik, elə bir gün gələcək ki, azərbaycanlılar bizim ölkəmizə gələcək, biz də onların ölkəsinə gedəcəyik. Amma bu, sabah baş verməyəcək, bunun üçün zamana ehtiyac var”.

Marqaryan əlavə edib ki, sülh artıq konkret və hissolunan reallığa çevrilib.

Ekspert Rusiya və Ermənistan arasındakı gərginliyə də toxunaraq, artıq Moskvanın İrəvana qarşı sərt addımlarının və hədələrinin effekt vermədiyini iddia edib:

“Əlbəttə, Rusiyada anlayırlar ki, Ermənistan onunla münasibətləri kəsmək istəmir, buna görə də məsələni başqa müstəviyə yönəldirlər. Rusiya Ermənistanı seçim qarşısında qoyub təzyiq dairəsini nə qədər daraltsa da, İrəvan vəziyyətdən bir o qədər sərfəli şəkildə çıxır. Moskvada nə deyilməsindən asılı olmayaraq, KTMT ilə bütün əlaqələri kəsmişik. İndi bizi təşkilatdan rahat şəkildə çıxara bilərlər, bununla heç nə dəyişməyəcək”.