Media artıq separatçılar məsələsinə ciddi yanaşmamalıdır -Əhəd Məmmədli
Qarabağdan hansısa yolla Ermənistana qaçmış separatçı ünsürlərin mənasız hərəkətlərinə diqqət yetirməməliyik
Qarabağdan Ermənistana qaçan separatçılar yenidən fəaliyyətə başlamağa, Azərbaycana qarşı separatizmi davam etdirməyə hazırlaşır. Qondarma rejimi ləğv edən separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan İrəvanda bu qərarından imtina edəndən sonra “gələcəkdə nə etmək” haqda müzakirələrə başlayıb. Ermənistan mediasının məlumatına görə, separatçılar dünən “Marriott” hotelində qapalı toplantı keçirib. Toplantıda Şahramanyanla yanaşı, artıq mövcud olmayan qondarma “parlamentin keçmiş rəhbəri” olmuş Aşot Qulyan, qondarma “deputatlar” və digər separatçılar iştirak edib. Qapalı toplantıda mövzu qondarma rejimin ləğvi ilə bağlı verilən qərardan imtina edilməsi və bundan sonra atılacaq addımlar olub. Aşot Qulyan artıq prosesin başlandığını və yenidən fəaliyyətə keçmək haqda düşündüklərini deyib. Separatçıların qondarma “nazir müavinlərindən” olmuş Artur Ayrapetyan isə qeyd edib ki, qapalı toplantıda baş verənlərə görə məsuliyyət məsələsini müzakirə ediblər, lakin əsas mövzu qarşıda atılacaq addımlarla bağlı olub. Eyni zamanda Qarabağa qayıtmaq məsələsini müzakirə ediblər. Hərçənd, separatçılar erməni əhalisinin mövcud şərtlərlə - Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda qayıtmasına qarşıdırlar. Məlumata görə, toplantıda bu məsələ xüsusilə müzakirə edilib.
Onlar hansısa “status”, yaxud “beynəlxalq zəmanət” adı altında qayıtmaq imkanları haqda düşünür. Qərara alınıb ki, özləri tərəfindən ləğv edilmiş qondarma “Artsax”ı qoruyub saxlasınlar və Ermənistanda fəaliyyətlərini davam etdirsinlər. Qarşıdakı dövrdə yeni toplantıların keçiriləcəyi, erməni separatizminin dirçəldilməsi istiqamətində aktiv fəaliyyəti bərpa edəcəkləri gözlənilir.
Politiloq Əhəd Məmmədli Sherg.az deyib ki, keçmiş qondarma rejimin qalıqları, separatçı tör-töküntülər zaman-zaman fəallaşacaqlar və müxtəlif "bəyanatlar" səsləndirəcəklər. Amma ekspert hesab edir ki, media artıq separatçılıq və separatçılar məsələsinə ciddi yanaşmamalı, ümumiyyətlə, buna yer ayırmamalıdır:
"Çünki nə qədər çox müzakirə olunsalar, özləri nəsə zənn edəcəklər, hansısa narahatlığa səbəb olduqlarını düşünəcəklər. Ona görə də düşünürəm ki, Qarabağdan hansısa yolla Ermənistana qaçmış separatçı ünsürlərin mənasız hərəkətlərinə diqqət yetirməməliyik. İmkan yaratmamalıyıq ki, nələrsə onların fəaliyyətinə stimul olsun. Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir. Bakı sülh müqaviləsində konkret şərt qoymalıdır ki, Ermənistan ərazisində Qarabağla bağlı separatizm fəaliyyətinə son qoyulsun, buna imkan verilməsin. Getsinlər Rusiyada, Fransada istədikləri fəaliyyəti icra etsinlər. Əks halda biz də Qərbi Azərbaycan məsələsində hansısa xüsusi status məsələsini gündəmə gətirərik. İrəvan anlamalıdır ki, separatizm təşəbbüslərinin davam etməsi yeni müharibə təhlükəsi, qarşıdurma yarada bilər. Bu da indiki halda Ermənistana daha çox ziyan vurar".