Metropolitenin zərərlə işləməsinin səbəbi xərc hissəsinin şişirdilməsidir - İqtisadçı

"Əgər bugünki sərnişindaşıma haqqı qiyməti ilə də metropoliten zərərlə işləyirsə, deməli, xərc hissəsində problem var"

"Bakı Metropoliteni" QSC maliyyə hesabatı açıqlayıb. Zərərlə fəaliyyət göstərildiyi açıqlanan hesabatdan yeni ildə yeni qiymət artımı – gediş haqqının artırılması qoxusu da gəlir. Hesabatda qeyd olunur ki, “Bakı Metropoliteni” QSC 2024-cü ili fəaliyyətini 139.62 milyon manat xalis zərər ilə yekunlaşdırıb.

QSC-nin hesabatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 81.6% artaraq 3 milyard 109.54 milyon manata çatıb. Məlum olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri 155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma xidmətləri və hökumət subsidiyaları hesabına baş verib. Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyaları isə 50 milyon manat təşkil edib. Digər əməliyyat gəlirləri 5 milyon manat olub və ötən ilə nisbətən 4.4% azalıb. Eyni zamanda, əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərin artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik enerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır. İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrik enerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkil edib. Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat, öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53 milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb. Bildirək ki, 2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb. İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilər arasında “Xətai-Y20” stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və Xocəsəndə yerləşən elektrik depoları, digər infrastruktur obyektləri yer alıb. 

Ötən il “Bakı Metropoliteni” QSC-nin elektrik enerjisinə çəkdiyi xərclər 13 milyon 934 min manat təşkil edib. Qurumun maliyyə hesabatında qeyd edilir ki, bu göstərici 2023-cü illə müqayisədə 3,7% və ya 501 min manat, 2022-ci illə müqayisədə isə 7,8 % və ya 1 milyon 11 min manat çoxdur. 2022-ci ildə “Bakı Metropoliteni”nin elektrik enerjisi üzrə xərcləri 12 milyon 923 min manat olub. Qeyd edilir ki, hökumət tənzimlənən tariflərlə sərnişindaşımadan yaranan zərərləri kompensasiya etmək üçün subsidiyalar verir. Şirkət bu subsidiyalardan işçi heyəti ilə bağlı və digər əlaqəli xərcləri, həmçinin elektrik enerjisi, su və kanalizasiya xərclərini ödəmək üçün istifadə edir. Ötən ildə isə hökumət tərəfindən “Bakı Metropoliteni” QSC-yə 50 milyon manat məbləğində subsidiya ayrılıb. “Bakı Metropoliteni” QSC 2024 və 2023-cü illər üzrə cari mənfəət vergisi ödəməyib. Bunun səbəbi qurumun vergiyə cəlb edilən mənfəət əldə etməməsidir. Hesabat ilində QSC-nin ticarət və digər debitor borcları 3 milyon 365 min manat (586,2%) və ya təxminən 6,9 dəfə artaraq 3 milyon 939 min manata yüksəlib. Ticarət və digər kreditor borcları 26 milyon 446 min manata yüksələrək, 9 milyon 664 min manat (57,9%) artıb. Qeyd edək ki, bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb.

Hesabatdan belə nəticə çıxır ki, metropoliten zərərlə işləyir.

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında metropolietinin zərərlə işləməsinin səbəbini izah etdi: 

- Metropolitenin zərərlə işləməsinin yeganə səbəbi xərc hissəsinin şişirdilməsidir.  Metropoliten öz xərclərinə nəzarət edə bilsə, xərc hisəsinin şişirdilməsinin qarşısını ala bilsə, xərcləri optimallaşdırsa, zərərlə işləməz. Çünki hazırkı gediş qiymətləri kifayət qədər yüksəkdir. Əgər bugünki sərnişindaşıma haqqı qiyməti ilə də metropoliten zərərlə işləyirsə, deməli, xərc hissəsində problem var. Xərclərin şişirdilməsi, xərclərin qeyri-effektiv paylanması, bunların hamısı maya dəyərinə təsr edən amillərdir.