Məzmun dəyişmir, sadəcə üslub dəyişir: Kreml yenə eyni xəttdədir - Fuad Abbasov

"Qaluzinin açıqlamalarını Jirinovskinin vaxtilə səsləndirdiyi tezislərin daha yumşaq, diplomatik formada ifadəsi kimi qiymətləndirmək olar"

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya keçmiş sovet ölkələri ilə öz arasında ayırıcı xətlər yaratmır, onların suverenliyinə hörmət edir:

“Əgər “sərhəd” dedikdə Sovet İttifaqının dağılmasından sonra onun keçmiş respublikalarının suveren və müstəqil dövlətlərə çevrilməsi nəzərdə tutulursa, onda bəli, biz qonşu ölkələrə məhz bu baxış bucağından yanaşırıq. Bu baxımdan, biz həmin dövlətlərin suverenliyinə tam hörmət edirik və əksər ölkələrlə müttəfiqlik və tərəfdaşlıq münasibətlərini bərabərlik prinsipi əsasında inkişaf etdiririk”.

Qaluzin iddia edib ki, vaxtilə SSRİ-nin tərkibində olan, amma Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçən, suverenlik və müstəqilliyini ona təslim edən dövlətlər tərəfindən Rusiyanın maraqlarına ciddi təhlükələr var.

Politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, son dövrlərdə Rusiya rəsmilərinin səsləndirdiyi fikirlər postsovet məkanına baxışın dəyişmədiyini göstərir:

“Vaxtilə Vladimir Jirinovski açıq və sərt formada “Rusiya sərhədləri keçmiş SSRİ məkanında bitir” tezisini səsləndirirdi. Bu, o demək idi ki, postsovet ölkələri Rusiyanın tarixi təsir zonası və təhlükəsizlik baxımından bufer bölgəsidir.

Bu gün isə eyni məzmun daha diplomatik üslubda təqdim olunur. Mixail Qaluzin kimi rəsmilər “suverenliyə hörmət” ifadəsini önə çəksələr də, paralel olaraq Rusiyanın “təhlükəsizlik maraqları”nın prioritet olduğunu vurğulayırlar. Bu isə o deməkdir ki, Moskva keçmiş Sovet ölkələrinin qərbyönümlü siyasətini, xüsusilə NATO və Avropa strukturlarına inteqrasiyanı potensial risk kimi qiymətləndirir. Son 20 ilin hadisələri bu ritorikanın praktik nəticələrini də göstərir: 2008-ci ildə Gürcüstan ilə müharibə, 2014-cü ildə Ukraynanın Krım bölgəsinin ilhaqı və 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibə. Bu faktlar fonunda “suverenliyə tam hörmət” tezisi absurtdur. NATO məsələsinə gəldikdə isə, Rusiya genişlənməni əsas təhlükə kimi təqdim etsə də, 2022-ci ildən sonra Finlandiya və İsveç NATO-ya üzv oldu və nəticədə Rusiya ilə Alyans arasında sərhəd daha da uzandı. Bu, Moskvanın arqumentlərinin praktik nəticələrinin əks effekt verdiyini göstərir. 

Politoloq hesab edir ki, bu kontekstdə səslənən bəyanatları postsovet ölkələrinə ünvanlanmış siyasi xəbərdarlıq kimi də qiymətləndirmək mümkündür:

"Xüsusilə regionda kommunikasiya layihələri, o cümlədən Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr və geosiyasi rəqabət fonunda bu ritorika müəyyən mesaj xarakteri daşıya bilər. Azərbaycan üçün burada əsas məsələ balanslı siyasətdir. Rusiya Azərbaycanın şimal qonşusudur və iqtisadi, ticari, humanitar əlaqələrin qorunması vacibdir. Lakin eyni zamanda Azərbaycan müstəqil xarici siyasət kursunu davam etdirməli, Türkiyə və Qərb ölkələri ilə əməkdaşlığı genişləndirməlidir. Heç bir xarici gücün ritorikası Azərbaycanın suveren qərarvermə hüququna maneə olmamalıdır.

Qaluzinin açıqlamalarını Jirinovskinin vaxtilə səsləndirdiyi tezislərin daha yumşaq, diplomatik formada ifadəsi kimi qiymətləndirmək olar. Məzmun dəyişmir, sadəcə üslub dəyişir: imperiya ritorikası artıq emosional şüarlar deyil, “təhlükəsizlik maraqları” dili ilə təqdim olunur. Bu isə region ölkələri üçün diqqətlə analiz edilməli siyasi mesajdır”.