Moskva Ermənistanı itirməmək üçün terror kartına əl ata bilər - ŞƏRH

“Rusiya geosiyasi arenada günü-gündən taqətdən düşən “xəstə adam” təsiri bağışlayır"

Ermənistanın Avropa İttifaqına meyilli siyasəti Rusiya ilə yanaşı Avrasiya İqtisadi İttifaqına üzv olan digər ölkələri də hərəkətə gətirib. Mayın 29-da Astanada keçirilən sammitdə təşkilata daxil olan dövlətlər, Ermənistana dair birgə bəyanat qəbul ediblər. Sənəddə Ermənistanın Aİ-yə üzvlük və ya AAİB-də qalmaq seçimi ilə bağlı tezliklə referendum keçirməsi tələb olunub.

Paşinyan isə bəyanata cavabında, Aİ-yə müraciət edilənə qədər referendumun keçirilməyəcəyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin isə Ermənistandakı prosesləri Ukrayna böhranı ilə müqayisə edib. O, Ukraynaya hücumun Kiyevin Aİ-yə inteqrasiya cəhdləri əsasında başladığını xatırlatmaqla, İrəvana sətiraltı mesaj göndərib. Artıq Moskva Ermənistanla iqtisadi əlaqələri kəsməyə başlayıb. Ermənistandan gələn bəzi məhsullara məhdudiyyət qoyulub. 

Əgər Ermənistan AAİB-dən və Rusiyanın iqtisadi imkanlarından tamamilə qoparsa, Avropa İttifaqı onları iqtisadi dividentlərlə təmin edə biləcəkmi ?

Mövzu ilə bağlı politoloq Asim Mollazadə Sherg.az-a bildirib ki, Avrasiya İqtisadi İttifaqının Ermənistanın qərarlarına müdaxiləsi qəbulediməzdir:

“Çünki müstəqil bir ölkənin daxili və xarici siyasətinə müdaxilə etmək beynəlxalq hüquq normalarının pozulması anlamına gəlir. Onların birgə qəbul etdiyi bəyanat sadəcə məsləhət xarakteri daşıyır. İrəvanın Avropa İttifaqına tərəf yönəlməsi, Kremli çox qıcıqlandırır. Moskva Ermənistanı itirməmək üçün terror şəbəkələrini də prosesə cəlb edə bilər. Tarixi faktlar belə bir senarinin baş verəcəyinə dair şübhələr doğurur. Məsələn 1999-cu ildə Nairi Hunanyan adlı jurnalistin rəhbərlik etdiyi 5 nəfərlik terror qrupu, Ermənistan parlamentinin iclas zalına daxil olub, qırğın törətdilər. 8 nəfər yüksək rütbəli rəsmi, terrorun qurbanı oldu. Hadisənin sonradan Rusiya Hərbi Kəşfiyyatı tərəfindən təşkil olunduğu üzə çıxdı”. 

Politoloqun sözlərinə görə, Rusiyanın yenidən terrora əl atacağı istisna deyil:

“Ermənistanı iqtisadi resurslarla təmin etmək Avropa İttifaqı üçün ciddi maliyyə yükü yaratmayacaq. Çünki Ermənistanın tələbləri çox deyil. Avropa İttifaqı Rusiyanın iqtisadi rolunu tam kompensasiya edə biləcək gücdədir. Kreml rəsmiləri, Aİ-nin Ermənistanı geosiyasi poliqona çevirdiyini və ondan Moskvaya qarşı təzyiq aləti kimi istifadə etdiyini iddia edirlər”.

A.Mollazadə qeyd edib ki, Aİ-nin Rusiyaya zərbə vurmaq üçün maşaya ehtiyacı yoxdur:

“Rusiya geosiyasi arenada günü-gündən taqətdən düşən “xəstə adam” təsiri bağışlayır. Sovet imperiyasını dirçəltmək mifinin arxasınca qaçan Rusiyanın, Ukraynada başlatdığı genişmiqyaslı müharibə, birbaşa Moskvanın özünə vurduğu ən ağır geosiyasi zərbədir. Ukraynaya hücum, Avropa İttifaqının hər hansı təhrikinin nəticəsi deyil, tamamilə Moskvanın imperialist iradəsinin məhsuludur. Bu qərar ölkəni həm iqtisadi, həm də mənəvi baxımdan olduqca ağır vəziyyətə salıb”.