Müharibənin yeni cəbhəsi açıla bilər - Belarusla bağlı təhlükəli ssenari

  • Elçin Xalidbəyli: “Belarusun Ukrayna müharibəsinə qoşulması ehtimalı artıq kifayət qədər realdır”

Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsi və tərəfdaş ölkələrin prosesə cəlb olunması ehtimalı müzakirə predmetinə çevrilib. Xüsusilə Kremlin əsas logistik və hərbi-sənaye tərəfdaşlarından sayılan Belarus üzərindən Ukraynaya qarşı yeni cəbhənin açılması ilə bağlı iddialar regionun təhlükəsizlik balansına birbaşa təsir edən amil kimi qiymətləndirilir. Rəsmi Kiyev və Minsk arasında qarşılıqlı ittihamların, sərt bəyanatların və hərbi təhdidlərin artdığı bir şəraitdə Belarus rəhbərliyinin atacağı addımlar münaqişənin gələcək miqyasını müəyyənləşdirən əsas faktorlar sırasında göstərilir.

Belarus rəsmilərinin son açıqlamaları da gərginliyin artdığını nümayiş etdirir. Belarus xarici işlər nazirinin müavini İqor Sekreta bildirib ki, Ukrayna sərhədi keçəcəyi təqdirdə Belarus bütün hərbi potensialı ilə cavab verəcək: “Qırmızı xətlər prezidentimiz tərəfindən dəqiq müəyyən edilib. Bu, bizim sərhədimizdir”.

Bu bəyanat Minsk-Kiyev xəttində ritorikanın daha da sərtləşdiyini və tərəflər arasında qarşılıqlı etimadsızlığın dərinləşdiyini göstərir. Analitiklər hesab edirlər ki, Belarusun müharibəyə birbaşa qoşulması ehtimalı regionda yeni təhlükəsizlik riskləri yarada və münaqişənin coğrafiyasını daha da genişləndirə bilər.

Mövzunu şərh edən siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Belarusun Ukrayna ilə müharibəyə qoşulması ehtimalı artıq kifayət qədər real görünür:

“Hazırda paralel şəkildə iki istiqamətli proses gedir və bunun nəticəsində rəsmi Minsk seçim qarşısında qalır. Zelenski hakimiyyəti Belarusu öz ərazisində yerləşən hərbi zavodlarda istehsal olunan məhsullarla Rusiyanın hərbi sənaye kompleksinə dəstək verməkdə ittiham edir. Kiyevin iddiasına görə, Belarus müəssisələrində Rusiyanın silah və hərbi texnika istehsalında istifadə etdiyi vacib komponentlər hazırlanaraq Moskvaya göndərilir. Həmin resurslardan istifadə edən Rusiya isə Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirir.

Rəsmi Minsk bu ittihamları qəbul etməsə də, Ukrayna tərəfi əlində kifayət qədər ciddi və təkzibolunmaz sübutların olduğunu bildirir. Bu vəziyyət Belarus üzərində həm siyasi, həm də hərbi təzyiqləri artırır.

Belarus rəhbərliyi hələlik prosesin yaratdığı daxili və xarici riskləri nəzərə alaraq təmkinli davranmağa çalışır. Aleksandr Lukaşenko anlayır ki, Ukrayna müharibəsinə birbaşa qoşulmaq ölkəni ABŞ və Qərbin ən sərt sanksiyaları ilə üz-üzə qoya bilər. Digər tərəfdən, Ukrayna artıq Belarusa açıq xəbərdarlıq edib ki, əgər Minsk Rusiya hərbi sənaye kompleksi üçün silah komponentlərinin istehsalını dayandırmasa, Belarusdakı hərbi obyektlər legitim hədəfə çevrilə bilər. Bu isə Belarusun tədricən müharibə relsinə sürükləndiyini göstərir. Digər tərəfdən, Kremlin də Belarus ərazisindən Ukraynaya hərbi zərbələr endirmək üçün istifadə etmək məqsədilə rəsmi Minskə ciddi təzyiqlər etdiyi barədə məlumatlar var. Moskva həm Belarusun Ukrayna savaşına qoşulmasında, həm də Belarus ərazisindən Ukraynaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməkdə maraqlıdır. Çünki son dövrlərdə Rusiya həm hərbi, həm də iqtisadi baxımdan ciddi çətinliklərlə üzləşib. Cəbhə xəttində itkilərin artması, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr və enerji sektorunda yaranan problemlər Kremlin vəziyyətini ağırlaşdırır. Belə şəraitdə Moskva Ukraynaya qarşı təzyiq imkanlarını genişləndirmək üçün Belarusun hərbi potensialından yararlanmağa çalışır”.

Bununla belə politoloq qeyd edib ki, rəsmi Minsk hələ də Kremlin təzyiqlərinə tam şəkildə boyun əyməməyə çalışır. Çünki Belarus rəhbərliyi anlayır ki, müharibəyə birbaşa qoşulacağı təqdirdə döyüşlərin coğrafiyası daha da genişlənəcək və Belarus ərazisi də potensial hərbi əməliyyat zonasına çevriləcək:

“Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, Belarusun Ukrayna ilə müharibəyə girmək niyyəti yoxdur. Bununla yanaşı, o, Belarus ərazisinə hücum olacağı təqdirdə cavab veriləcəyini də xüsusi vurğulayıb. Belarus prezidenti yaxşı anlayır ki, belə bir addım yalnız Qərbin daha sərt sanksiyalarına səbəb olmayacaq, eyni zamanda kollektiv Qərbin Ukraynaya dəstəyini daha da gücləndirəcək.”.