Ukrayna müharibəsinin yaratdığı yeni təhlükəsizlik reallığı NATO ilə Rusiya arasında siyasi və hərbi qarşıdurmanı daha da dərinləşdirib.
Bu fonda Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə NATO arasında hər hansı əməkdaşlıq perspektivi faktiki olaraq gündəmdən çıxıb. Rusiya rəsmiləri hesab edirlər ki, alyansın KTMT-yə münasibəti dəyişməyib və tərəflər arasında institusional dialoq üçün siyasi iradə mövcud deyil. Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyevin son açıqlaması da məhz bu reallığı əks etdirir.

Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, NATO və KTMT tamamilə fərqli qurumlardır:
“Nəzərə alsaq ki, 90-cı illərdə Rusiya rəhbərliyində belə bir fikir var idi ki, onlar da NATO ilə münasibətləri inkişaf etdirə bilərlər. Hətta Boris Yeltsin dövründə Rusiyanın NATO-ya üzvlüyü məsələsi müzakirə mövzusu belə olmuşdu. Amma sonradan geosiyasi şərtlər dəyişdi, Rusiyanın ambisiyaları artdı və Rusiya keçmiş sovet məkanında KTMT-ni yaratmaqla Avropanın təhlükəsizlik arxitekturasında müəyyən balans yaratmağa çalışdı. Amma aydındır ki, KTMT ilə NATO arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Xüsusilə də nəzərə alsaq ki, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda NATO ilə Rusiyanın münasibətləri olduqca gərgindir. Ümumiyyətlə, kollektiv Qərb bu məsələdə Rusiyaya qarşı sərt mövqe sərgiləyir. Bu baxımdan yaxın gələcəkdə NATO ilə KTMT arasında hər hansı əməkdaşlıqdan söhbət getməsi ehtimalı demək olar ki, yoxdur. Elə buna görə də bu məsələnin müzakirəsinə ciddi ehtiyac qalmır”.