Azərbaycan-Ermənistan sülhünə son addım qalıb - Partiya sədri

İqbal Ağazadə: Sülh sənədi geri dönüşü olmayan mərhələdədir

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamet seçkiləri ilə yanaşı Azərbaycanla normallaşma münasibətlərinə də xüsusi önəm verir. Artıq Ermənistan rəhbərliyi digər ölkələrlə diplomatik təmaslarda Azərbaycanla sülh prosesini diqqət mərkəzinə çevirib.

Baş nazir "Facebook" səhifəsində yayımladığı videoların birində, Ermənistanın müstəqillik əldə etdiyi dövrdən bəri ilk dəfə Azərbaycanla tam sülhə nail oluğunu açıqlayıb. Paşinyan vurğulayıb ki, iki ölkə arasında sülh prosesi de-yure əsasa malikdir. O həmçinin, 2024-cü ildə tərəflərin Almatı bəyannaməsinə əsasən, sovet dövründəki ərazilərini hüquqi səviyyədə tanıdıqlarını bildirib. Onun sözlərinə görə sülhün təməli məhz bu sənədin üzərində qurulub. Diqqət çəkən əsas məqamlardan biri də baş nazirin, Ermənistan vətəndaşlarını əldə olunmuş sülhü qorumağa çağırmasıdır.

Mözvu ilə bağlı Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Sherg.az-a bildirib ki, sülh sənədinin paraflanması diplomatik baxımdan geri dönüşü mümkün olmayan bir trayektoriyanın formalaşdığını nümayiş etdirdi:

“2025-ci il avqustun 8-də ABŞ-də tərəflər arasında sülh sənədinin paraflanması yeni bir mərhələnin əsasını qoydu. Vaşinqton bəyannaməsinin imzalanması kommunikasiya kanallarının açılmasına, diplomatik əlaqələrin qurulmasına və regional əməkdaşlığın inkişafına real siyasi zəmin yaratdı. Bu görüş uzun illər davam edən gərginliklərin üzərinə ümid işığı saçdı. Nikol Paşinyanın açıqlamaları da bu prosesin rəsmi təqdimatı kimi interpretasiya olunur”.

Partiya sədrinin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr belə yeni münasibətlərin qurulmasına mane olmayacaq:

“Azərbaycan və Ermənistan müstəqilliklərini bərpa etdikdən sonra danışıqlar aparsa da, əldə olunan nəticələr əsasən atəşkəs və ümumi razılaşmalar çərçivəsində qalmışdı. Hazırki mərhələdə isə tərəflər yekun sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Azərbaycan tərəfi də, qonşuluq münasibətləri çərçivəsində əlaqələrin inkişafına sadiqliyini nümayiş etdirib. Əminəm ki, iyunun 7-də Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkilərində Paşinyanın komandası mövcud hakimiyyəti qorumaqla, sülhə qarşı yaranan təhdidləri aradan qaldıracaq”. 

İ. Ağazada qısa müddət ərzində regionda “sülh günəşi” doğacağını açıqlayıb:

“Digər tərəfdən isə Azərbaycan rəhbərliyi yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb etmişdi. Xüsusilə də Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə başlıca maneədir. Çünki bəyannamədə qondarma “Miatsum” ideyası Azərbaycana, “Qərbi Ermənistan” iddiası isə Türkiyəyə qarşı yönəlmiş təhdiddir. Artıq Ermənistanın siyasi gündəmində, bəyannamənin ləğvi ilə bağlı müzakirələr gedir. Paşinyan çox yaxşı başa düşür ki, bəyannamənin mövcudluğu Azərbaycan və Türkiyənin normallaşma prosesinə zərbə vuracaq”.