Özgür Özəlin gözlənilməz qərarı: “Yeni Partiyanı siyasi hədəfdən xilas etmək istəyir” - TƏHLİL

  • “Bu məsələ iqtidar-müxalifət mübarizəsindən daha böyükdür”

10 avqustda Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” həll prosesinə yönəlik qanun layihəsi səsverməyə çıxarılıb. Özgür Özəlin layihənin lehinə səs verməsi isə Yeni Partiya üzvləri arasında və cəmiyyətdə müzakirələrə, eləcə də müəyyən qınaqlara səbəb olub.

Qanun layihəsində PKK-nın silahı yerə qoyması şərti ilə müəyyən istintaq və məhkəmə proseslərinin dayandırılması və ya təxirə salınması ilə bağlı müddəalar yer alır.

Bununla belə, Yeni Partiya üzvləri və bəzi ictimaiyyət nümayəndələri layihənin qəbul edilməsinin terror təşkilatı ilə bağlı güzəştlərə yol aça biləcəyindən və hökumətin gələcəkdə hansı addımları atacağından narahat olduqlarını bildirirlər.

Qeyd edək ki, səsvermədə 562 deputat iştirak edib. Onlardan 468-i layihənin lehinə, 88-i əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.

  • Mövzu ilə bağlı Sherg.az-a danışan siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Özgür Özəlin bu qərarı onu dəstəkləyənlərin bir qisminin narazılığına səbəb ola bilər, lakin bunun partiyanın siyasi mövqeyinə ciddi təsir göstərəcəyini düşünmür.

Həşim Səhrablının sözlərinə görə, Özgür Özəlin layihəni dəstəkləməsində əsas məqsədlərdən biri yeni yaranmış partiyanın siyasi hədəfə çevrilməsinin qarşısını almaqdır:

“Özgür Özəlin indiki vəziyyətdə sözügedən qanun layihəsinə “hə” deməsi yeni yaranmış partiyanı siyasi hədəf olmaqdan xilas etmək məqsədi daşıyır. Xatırlamaq lazımdır ki, Yeni Partiya CHP-dən ayrılan millət vəkilləri və digər üzvlərin birləşərək yaratdığı partiyadır. Bu partiyanın rəqibi yalnız iqtidar partiyası deyil, həm də onun keçmiş həmkarlarıdır.

Digər partiyalar da CHP-nin bu şəkildə parçalanmasını və yeni, daha böyük bir siyasi qüvvənin yaranmasını təəccüb və narahatlıqla izləyirlər. Çünki hazırda heç kim Yeni Partiyanın hansı siyasi məqsədlərə xidmət edəcəyini və gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilmir.

Belə bir şəraitdə Özgür Özəl hesab edib ki, “Terrorsuz Türkiyə” ilə bağlı mühüm bir qanun layihəsinə “yox” demək yeni partiya üçün əlavə risklər yarada bilər. Bu qərar təkcə iqtidarın deyil, müxalifət partiyalarının da Yeni Partiyaya qarşı mənfi mövqeyinin formalaşmasına səbəb ola bilər.

Özgür Özəl onu dəstəkləyən insanların səsini itirəcəkmi? Bəli, müəyyən qədər itirə bilər. Çünki Yeni Partiyanı dəstəkləyən bəzi millət vəkilləri və tərəfdarlar bu qərardan narazı qala bilərlər. Onlar Yeni Partiyanın iqtidar tərəfindən təklif olunan qanun layihəsinə qarşı çıxacağını gözləyirdilər.

Lakin bunun çox ciddi səs itkisinə səbəb olacağını düşünmürəm. Çünki Yeni Partiyanı dəstəkləyənlər də Türkiyənin gələcəyinin daha yaxşı olmasını istəyən insanlardır. Buna görə də prosesin mahiyyətini və qəbul edilən qərarın arxasında dayanan siyasi motivləri müəyyən müddətdən sonra daha yaxşı anlayacaqlar”.

  • Siyasi şərhçi hesab edir ki, “Terrorsuz Türkiyə” prosesi yalnız iqtidar və müxalifət arasındakı siyasi qarşıdurma kontekstində qiymətləndirilməməlidir:

“Bu, iqtidar-müxalifət mübarizəsindən daha yuxarıda dayanan bir məsələdir. Layihəyə sırf iqtidarın mövqeyindən yanaşmaq düzgün olmaz. Təbii ki, Özgür Özəlin qərarı müəyyən tərəfdarların etimadının zəifləməsinə səbəb ola bilər. Lakin hesab edirəm ki, zaman keçdikcə tərəfdarlar da bu qərarın səbəblərini anlayacaqlar.

Çünki təklif olunan qanun layihəsi uzun illərdir Türkiyənin qarşılaşdığı və cəmiyyət üçün ciddi problemə çevrilmiş terror məsələsinin sona çatdırılması məqsədini daşıyır.

Burada terror fəaliyyətlərində iştirak etmiş və cinayət törətmiş şəxslərin avtomatik şəkildə bağışlanılması nəzərdə tutulmur. Nəzərdə tutulan əsas məsələ proses çərçivəsində müəyyən çağırışlara və vədlərə inanan insanların vəziyyətinin nəzərə alınmasıdır”.

Siyasi şərhçi əlavə edib ki, Özgür Özəlin sözügedən məsələdə tutduğu mövqe Yeni Partiyanın yeni siyasi şəraitdə öz mövqeyini qorumasına və əlavə siyasi təzyiqlərlə üzləşməməsinə hesablanmış addım kimi qiymətləndirilə bilər.

Paşa Nuru