Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq

  • “Zəngəzur dəhlizinin açılması sürətləndirilməli, proses ləngidilməməlidir”

“Bərqərar olmuş sülh həm Ermənistan, həm də Azərbaycan üçün bir dəyərdir, hər iki ölkədə sülhə diqqətlə yanaşmaq, onun qayğısına qalmaq lazımdır”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan sülhün həm Azərbaycan, həm də Ermənistan üçün dəyər olduğunu vurğulayaraq, onun asanlıqla pozula biləcəyini, lakin yenidən bu nöqtəyə çatmağın uzun illər tələb edəcəyini bildirib: “Sülhə qayğı göstərməyə davam etməliyik. Çünki bu, bizim üçün bir dəyərdir. Bir ay əvvəl də söyləmişdim ki, sülhü məhv etmək çox asandır. İndi sülhü asanlıqla məhv edə bilərik, amma sonra bu nöqtəyə çatmaq üçün otuz il lazım olacaq. Ona görə də gəlin seçim edək. Biz seçimimizi etmişik”.

Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın son açıqlamaları Ermənistan hökumətinin mövcud siyasi reallıqları dərk etdiyini göstərir. Onun sözlərinə görə, Ermənistanın baş naziri ölkədə formalaşmış reallıqları erməni cəmiyyətinə izah etməyə və ictimai dəstəyi qorumağa çalışır:

“Paşinyanın öz siyasətini davam etdirməsi üçün erməni cəmiyyətinin dəstəyini qazanması vacibdir. Lakin bu prosesdə onun özü də kifayət qədər səhvlərə yol verib. Əgər Ermənistan hökuməti sülh gündəliyini daha əvvəldən ardıcıl şəkildə dəstəkləsə və bu istiqamətdə qəti addımlar atsaydı, ölkə indiki mürəkkəb vəziyyətlə üzləşməyə bilərdi. Hazırda erməni cəmiyyətində sülh prosesinə skeptik yanaşan və onun ölkəyə hansısa müsbət nəticə gətirəcəyinə inanmayan müəyyən kəsim var. Buna görə də Paşinyan ilk növbədə cəmiyyəti sülhün Ermənistan üçün faydalı olduğuna inandırmağa çalışır. Baş nazir İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları izah edərək, sülh şəraitində Ermənistanın qonşu ölkələrlə münasibətlər qura, daha təhlükəsiz və rifah içində yaşaya biləcəyinə dair mesajlar verir. Lakin bütün bunlar konkret addımlarla təsdiqlənməlidir. Çünki indiyədək çoxsaylı bəyanatlar eşitmişik, amma onların real addımlarla müşayiət olunmasına hər zaman şahid olmamışıq”.

İ.Vəlizadə vurğulayıb ki, yaxın müddətdə sülh gündəliyinin icrası istiqamətində konkret və operativ addımlar atılmalıdır: “Xüsusilə “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizinin açılması istiqamətində işlər sürətləndirilməli və prosesin ləngidilməsinə yol verilməməlidir. Paşinyanın bundan sonra hansı addımları atacağını zaman göstərəcək. Lakin onun son açıqlamalarından görünür ki, Ermənistanın baş naziri ABŞ ilə əldə olunan razılaşmaların ölkəsi üçün dönüş nöqtəsi olduğunu anlayır. Artıq əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil. Ümid edirik ki, Paşinyan hökuməti mövcud reallıqları olduğu kimi qəbul edəcək və sülh gündəliyinin həyata keçirilməsi istiqamətində konkret addımlar atmaqdan çəkinməyəcək”.