Paşinyan daha gec qalmaq istəmir

Baş nazir anlayır ki, düşüncəsi zəhərlənmiş erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə sülhə hazırlamaq lazımdır

  Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində Ermənistanın qonşuları ilə diplomatik münasibətlərin qurulmasından danışıb. Baş nazir deyib ki, bütün qonşularla normal münasibətlərin qurulması vacibdir: “Çətin tariximizə görə biz bəzi qonşularımızla normal münasibətlər qura bilməmişik. Bu vəziyyəti dəyişmək bizim ölkə üçün həyati əhəmiyyət kəsb edir. 

Bu, asan görünə bilər, amma bunu reallaşdırmaq onlarla problemə bağlıdır: xeyli psixoloji və praktik problemlər var. Belə bir mesajı erməni cəmiyyəti asan həzm etmir”. Ermənistan lideri bildirib ki, ölkəsinin Gürcüstan və İranla yaxşı münasibətləri var və onlar inkişaf etdirilməli, təkmilləşdirilməlidir: "Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır. Müxalifətçi isə buna etirazla dedi ki, mən elə danışıram, sanki Ermənistanın qonşusu İsveçdir. Ona dedim ki, yaxşı olardı Skandinaviya və Avropanın tarixini öyrənək. Əgər biz elə düşünürüksə ki, Skandinaviya həmişə belə sülh içində olub, səhv edirik". 

  Paşinyanın açıqlamalarını "Şərq"ə dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Çexiya mətbuatına verdiyi müsahibə həm erməni cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj kimi dəyərləndirilməlidir. Analitik hesab edir ki, Vaşinqton və Brüssel görüşlərində əldə olunan nəticələr regionda sülhün bərqərar olması üçün açar rolunu oynaya bilər:

 "Paşinyan Brüssel görüşündən öncə "Rusiya Ukraynada məğlub olarsa, Ermənistanın vəziyyəti necə olar" sualına cavab axtarması təsadüfi deyil. İrəvan hökuməti reallıqları dərk etmək məcburiyyətində qalıb. Paşinyan da bunun fərqindədir. Ancaq gözəl başa düşür ki, düşüncəsi zəhərlənmiş erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə sülhə hazırlamaq lazımdır. Erməni cəmiyyəti iki hissəyə bölünüb. Paşinyana dəstək verən qüvvələr Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına nikbin yanaşmağa başlayıblar. Bundan başqa çıxış yolu olmadığını görürlər. Digər kütlə isə əlaqələrə şiddətlə qarşı çıxan radikal ünsürlərdən ibarətdir. Məhz həmin kütlə xarici qüvvələrin əlində alətə çevrilib. Xarici qüvvələr radikal ermənilərin əliylə istədikləri vaxt Ermənistanda vəziyyəti gərginləşdirirlər. Paşinyanı elə sıxırlar ki, ara-sıra sözünü dəyişməyə məcbur olur, əvvəlcə dediklərini inkar edir. Lakin Paşinyanın son günlər daha nikbinliklə bu məsələlərə toxunması deməyə əsas verir ki, artıq baş nazir komandasını formalaşdırmağa başlayıb. Yaranmış situasiya Ermənistan üçün yeganə çıxış yoludur. Əks halda bütün ağrı-acıları yenə ermənilər özləri çəkəcək. Nəticələr Ermənistan üçün ağır olacaq".