- Qafar Çaxmaqlı: “Ermənistan ciddi seçim qarşısındadır”
Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə anti-Rusiya bəyanatlarını müvəqqəti olaraq dayandırmaq barədə ciddi göstəriş verib.
“İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadla məlumat yayıb. Nəşr Ermənistan hökumətinin başçısının komanda yoldaşlarında dediyi sözlərdən sitat gətirib: “Gedib-qayıdım, sonra son yolu (yekun xarici siyasət kursunu - red.) müəyyən edəcəyik. İndi nə bu tərəf, nə də o tərəfdir”.
Xatırladaq ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bundan əvvəl Nikol Paşinyanın tezliklə Moskvaya səfər edəcəyini açıqlamayıb. Səfərin tarixi bəlli olmasa da, Ermənistan Baş nazirinin Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan baş nazirinin kimə, nə göstəriş verməsindən asılı olmayaraq, bu ölkədə anti-Rusiya ovqatı var və Rusiyaya qarşı təbliğat davam edir:
“Paşinyan komanda üzvlərinə müəyyən məsələlərdə ehtiyatlı olmağı tövsiyə edə bilər. Çünki son dövrlərdə Rusiyanın Ermənistanla bağlı siyasətində ciddi dəyişikliklər və proseslər müşahidə olunur. Bu proseslərin isə Ermənistanın maraqlarına uyğun nəticələnəcəyini düşünmürəm”.
Sonuncu Bişkek görüşündə də Vladimir Putinin Ermənistanı seçim qarşısında qoyduğunu xatırladan Q. Çaxmaqlı bildirib ki, Moskva Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında bir seçim eləmək şansını Ermənistana buraxdı: “ Bu, çox güman ki, kiminsə təkbaşına verə biləcəyi qərar deyil. Belə bir qərarın referendum yolu ilə qəbul edilməsi mümkündür. Ancaq hazırkı mərhələdə Ermənistanda referendum keçirmək imkanları məhduddur. Çünki ölkədə keçirilən son seçkilərin nəticələrinə əsasən, Paşinyan hakimiyyəti konstitusiya çoxluğu əldə edə bilməyib. Konstitusiya çoxluğu olmadığı üçün referendumun keçirilməsi ilə bağlı qərar da alına bilməz. Ona görə də Paşinyanın Rusiyadan çəkindiyini, açıq desək, müəyyən mənada ehtiyat etdiyini söyləmək olar. Məhz bu səbəbdən o, komandasına Rusiya ilə bağlı ritorikanı bir qədər yumşaltmaq və daha ehtiyatlı davranmaq barədə tapşırıq verir”.
Ermənişünas alim qeyd edib ki, yaxın günlərdə Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Putin Bişkek görüşündə də bu məsələlərin müzakirə edilməli olduğuna işarə edib: “Bu görüşdən sonra Ermənistanda Rusiya ilə bağlı ritorikanın hansı istiqamət alacağını indidən söyləmək çətindir. Lakin Moskva ilə münasibətləri mümkün qədər yumşaltmaq istiqamətində bir prinsipin formalaşması mümkündür. Artıq bu yanaşma Ermənistan hakimiyyətinin ayrı-ayrı üzvləri tərəfindən də nəzərə alınır. Ermənistan hazırda ciddi seçim qarşısındadır. Söhbət əsasən Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçimdən gedir. Ermənistan belə bir seçim qarşısındadır və mənə elə gəlir ki, bu məsələ müəyyən qədər vaxt aparacaq. Çünki Vladimir Putinin tələb etdiyi kimi, belə bir qərarın dərhal verilməsi real görünmür. Ermənistan üçün bu, kifayət qədər ciddi siyasi seçimdir və onun qısa müddətdə müəyyənləşdirilməsi çətin olacaq”.
Professor hesab edir ki, Paşinyan istəsə də, istəməsə də, hazırkı mərhələdə Ermənistanın Avropa İttifaqına inteqrasiyasından qısa müddətdə söhbət gedə bilməz:
“Ermənistanın Avropa İttifaqına daxil olması uzunmüddətli prosesdir və bunun üçün ölkə qarşısında müəyyən kriteriya və meyarlar qoyulur. Eyni zamanda, Ermənistan öz məhsullarını Avropa bazarına çıxarmaq üçün Avropa standartlarına uyğunlaşmalıdır. Bütün bunların qısa müddətdə həyata keçirilməsi mümkün deyil. Bu, uzun proses tələb edir. Ona görə də düşünürəm ki, Ermənistan Rusiya ilə münasibətlərini də nəzərə almaq məcburiyyətindədir və Paşinyan Rusiya Prezidenti ilə müəyyən anlaşmaya getməyə çalışacaq. Görünən odur ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması və ya çıxarılması məsələsi də müəyyən müddət vaxt aparacaq”.