Paşinyan Rusiya ilə ehtiyatlı davranış modelinə keçib - Ermənişünas alim

  • “Rusiya qazı kəssə, Ermənistan iqtisadiyyatı çökə bilər” 

Ermənistanda parlamentin tərkibinə daxil olan müxalifət partiyaların deputatları kəskin çıxışlarla siyasi gərginliyi artırıblar. Xüsusilə də, “Hayastan” blokunun rəhbəri və sabiq prezident Robert Köçaryanın həbsindən sonra həmin partiyanın deputatları Paşinyan hökümətini devirəcəklərini bildirirlər.

“Hayastan” partiyasının deputatı Aqnesa Xamoyan yaxın aylarda Ermənistanda ciddi siyasi proseslərin gözlənildiyini açıqlayıb. Parlamentari, R.Köçəryanın həbsdə olmasına baxmayaraq müqavimətə rəhbərlik edəcəyini vurğulayıb. Paşinyanın Kərki kəndinin Azərbaycana məxsus olduğunu etiraf etməsi və bu əraziyə uydurma erməni adı ilə müraciət etməməsi müxalifət nümayəndələrinin narazılığına səbəb olub. A. Xamoyan Paşinyanın sülhpərvər açıqlamalarına görə yaxın 2-3 ay ərzində ciddi dəyişikliklərin baş verəcəyini bəyan edərək, ölkədə ajotaj yaradıb.

Ermənişünas alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, təkcə Aqnesa Xamoyanın deyil, "Ermənistan" və "Şərəfim Var" müxalif bloklarına daxil olan digər deputatların da mövqeyi sərtləşib:

“Onlar payız mövsümündə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün mitinqlərə başlayacaqlarını, xalq etirazına rəhbərlik edəcəklərini söyləyirlər. Ermənistanın idarəetmə sistemində hökumətin fəaliyyətindən narazı olan cəmiyyətin qarşısında əsasən iki fərqli yol var: Seçki və ya inqilab. Paşinyanın özü də hökumətdən gileylənən xalqa müraciətində onları küçələrdə inqilab etməyə çağırıb. Dəfələrlə deyib ki, xalq onu və komandasını istəməsə hakimiyyətdən getməyə hazırdır. Köçaryanın həbsini həzm edə bilməyənlər payız mövsümündə inqilabi addımlar atmağa çalışacaqlar. A.Xamoyan Ermənistanda hakimiyyət dəyişikliyini inqilab yolu ilə edəcəklərinə eyham vurur. Amma bu qüvvələrin güclü dayaqları yoxdur”. 

Müsahibin sözlərinə görə əhalinin böyük əksəriyyəti Paşinyanın siyasi xəttini dəstəkləyir:

“Hesab edirəm ki, keçiriləcək mitinqlər hakimiyyəti dəyişdirməyə yetməyəcək. Paşinyan hökuməti də xalqın sərvətini talayan şəxslərə qarşı hərəkata başlayıb. Korrupsiyaya bulaşan hər kəsi Köçəryan kimi həbs təhlükəsi gözləyir. Hazırda mandatı olan deputatlara qarşı da cinayət işlərinin qaldırılması mümkündür. Müxalifət kütləvi həbslərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışır. Yəni Ermənistanda payız mövsümündə müəyyən sürprizlərin olmasını istisna etmirəm. Paşinyan hazırda balanslı siyasətə geri dönüb. Avropa İttifaqının Ermənistana münasibəti dəyişib. Ona görə də Nikol Rusiyanı və Avrasiya İqtisadi İttifaqını itirmək istəmir. Baş nazir Aİ-yə inteqrasiya prosesi tam reallaşanadək, Rusiyanın təsir rıçaqlarının qorunub saxlanılmasına birtərəfli qaydada göz yummağa məcburdur”. 

Q.Çaxmaqlı onu da qeyd edib ki, Xamoyan Paşinyanın vaxt qazanmaq istədiyini deməkdə haqlıdır:

“Avrasiya İqtisadi İttifaqı Ermənistanın xarici ticarətində, iqtisadi artımında və maliyyə axınlarında rol oynayır. Əgər Ermənistan Aİİ-dan çıxsa, nəinki təşkilatın birbaşa Rusiyanın iqtisadi imkanlardan məhrum olacaq. Paşinyanın Putinlə Bişkek görüşündən sonra özünü yığışdırdığını görmək mümkündür. Çünki Rusiyanın Ermənistanda rıçaqları möhkəmdir. Paşinyan hələ də Putindən və onun edəcəklərindən qorxur. Kreml bir neçə iqtisadi və siyasi rıçaqı işə salmaqla Ermənistanın qolarını sındıra bilər. Rusiyanın Ermənistanda həm hərbi bazada həm də sərhədlərdə qüvvələri var. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası fəaliyyəti, texniki təminatı və idarə olunması həlledici dərəcədə Rusiyadan asılıdır. Rusiya asanlıqla stansiyaya yanacaq tədarükünü dayandıra bilər”. 

Alim Rusiyanın Ermənistana təsir imkanlarının həddindən artıq çox olduğunu vurğulayıb:

“Ölkənin elektrik şəbəkəsi və dəmir yolları da Rusiyanın nəzarətindədir. Ermənistan Kremlin icazəsi olmadan dəmir yolunda bir relsi belə dəyişə bilməz. Qazın qiyməti məsələsi də Paşinyanı vahiməyə salır. Rusiya Ermənistana qazı 177 dollara satdığı halda, Avropada qiymətlər qat-qat yuxarı, təxminən 500-600 dollar olur. Şübhəsiz ki, Rusiya qazı kəsəcəyi təqdirdə, Ermənistan bu çatışmazlığı Azərbaycan və İran vasitəsilə kompensasiya edə bilər. Ancaq qiymət Rusiyanın tətbiq etdiyi aşağı qiymətlərlə eyni səviyyədə olmayacaq. Rusiyanın qaz tədarükünü dayandırması belə Ermənistan iqtisadiyyatını çökdürməyə bəs edəcək. Məhz bu amillərə görə Paşinyan ehtiyatlı davranış modelinə keçib”.