- Mariya Zaxarovanın Robertin həbsinə sərt reaksiya verməsi isə konkret Kremilin sifarişidir
Rusiya və Ermənistan arasındakı gərginlik hər keçən gün daha kəskin xarakter alır. Ermənistan höküməti rusiyayönümlü qüvvələrin “təmizləmə kampaniyası”na start verib. Ermənistan Baş Prokurorluğu ötən gün sabiq prezident Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb.
Bu iş çərçivəsində onun böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər həbs edilib. Köçaryanla eyni qayəyə xidmət edən sabiq prezident Serj Sarkiyanın da ölkədən çıxışına qadağa qoyulub. Cərəyan edən siyasi proseslərə rəsmi Kremlindən gözlənilən cavab gecikməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda baş verən siyasi proseslərə biganə qalamayacaqlarını açıqlayıb. Onu da qeyd edib ki, Ermənistan hökümətinin dağıdıcı xətti onların Rusiya ilə münasibətləri pisləşdirmək niyyətində olduğunu göstərir. Ermənistan Parlamentinin sədri Alen Simonyan isə Zaxarovanın bəyanatından əvvəl Rusiyadan gələn reaksiyaların heç bir məna kəsb etməyəcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Paşinyan Avropadakı havadarlarına arxalanaraq Rusiyaya qarşı əks-hücuma keçib:
"Ermənistanın ikinci prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryanın törətdiyi cinayət əməlləri həm Ermənistan cəmiyyətinə, həm də ölkə hökumətinə yaxşı məlumdur. Bir neçə il bundan əvvəl onlara qarşı qaldırılan cinayət işinə məhz Rusiyanın havadarlığı nəticəsində xitam verildi. Məsələ burasındadır ki, bu gün vəziyyət tam başqadır. Köçəryan və oğlundan başqa, onun xələfi olmuş Serj Sarkisyanın da ölkədən çıxışına qadağa qoyulub. Sözsüz ki, kütləvi həbs kampaniyası Moskva ilə İrəvan arasında münasibətlərin kəskinləşməsi fonunda baş verir. Robert Köçəryan və onun vəkilləri də Paşinyan hökümətinin bu adımının siyasi motivli olduğunu iddia edirlər. Lakin bu şəxslər həqiqətən də tutduqları vəzifələrdən sui-istifadə edərək dövlət əmlakını mənimsənimsəyiblər. Faktları danmaq qeyri-mümkündür. Mariya Zaxarovanın Robertin həbsinə sərt reaksiya verməsi isə konkret Kremilin sifarişidir. Paşinyan Rusiyanı müəyyən məqamlarda geri çəkilməyə məcbur etmək üçün ölkədəki maşaları təmizləməyə çalışır. Çünki həm Köçəryan, həm də Sarkisyan illərdir ki, Kremlin əlaltıları kimi Ermənistanda fəaliyyət göstəriblər”.
Politoloqun sözlərinə görə, Moskva bu dəfə də öz ənənəvi alətlərindən istifadə edərək, həmin şəxslərə hərtərəfli havadarlıq göstərməyə çalışacaq:
“Əgər həqiqətən də Paşinyan hökuməti bu məsələnin siyasi motivli olmadığını sübut etmək istəyirsə, o zaman iki caniyə qarşı daha geniş ittihamlar irəli sürməlidir. Köçəryan və Sarkisyan nəinki Ermənistanda maliyyə resurslarını mənimsəyib, hətta işğal dövründə Qarabağı da sistemli şəkildə çapıb-talayırdılar. Onların zamanında həmin ərazilərdə salınmış narkotik plantasiyalarından əldə olunan qanunsuz gəlirlər barədə də rəsmi ittihamlar irəli sürülməlidir. Hər iki cinayətkarın dinc azərbaycanlılara qarşı törətdiyi etnik təmizləməyə, xüsusilə Xocalı soyqırımında birbaşa iştirakına görə milli və beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmalıdır”.
S.İsgəndərov onu da qeyd edib ki, Paşinyanın sülh gündəliyi ilə bağlı verdiyi bəyanatlar sınaq qarşısındadır:
“Paşinyan erməni cəmiyyətinin onilliklər boyu sığındığı tarixi-xəyali iddialardan imtina edərək, bütün diqqəti beynəlxalq səviyyədə tanınmış 29 743 kv. km-lik ərazidə müasir və suveren dövlət quruculuğuna yönəltməyə çağırır. Əgər o, "Real Ermənistan" layihəsini reallaşdırmaq niyyətində qətidirsə, ilk növbədə ölkə tarixinə qara ləkə kimi düşmüş bu iki cinayətkarı azərbaycanlılara qarşı törətdikləri əməllərə görə cəzalandırmalıdır. Əks halda, Paşinyanın real Ermənistan qurmaq vədlərinə və Azərbaycanla münasibətləri normallaşdırmaq barədə bəyanatlarına şübhə ilə yanaşacağıq”.