“Baş nazirin təklifi Rusiyanın bölgədəki rolunun zəiflədiyini göstərir”
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı ölkəsi və Azərbaycan arasında yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsinə toxunub.
O, yükdaşımaların 2025-ci ilin oktyabr ayından bərpa olunduğunu xatırladıb.
“Biz də öz növbəmizdə bu gün Azərbaycandan Türkiyəyə və əksinə tranziti təmin etməyə hazır olduğumuzu elan edirik, bunu mövcud yollarımızdan istifadə edərək edə bilərik. Nə Azərbaycan, nə də Türkiyə hələlik bu fürsətdən istifadə edib. Güman edirəm ki, bunun səbəblərindən biri də belə bir həllin TRIPP layihəsinin reallaşdırılmasının gecikməsinə səbəb ola biləcəyi ilə əlaqəlidir”,- baş nazir qeyd edib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan bu gün mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Gorus-Yeğeqnadzor-Yerasx marşrutu ilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil əlaqəsi təmin etməyə hazırdır.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a Cənubi Qafqazın geosiyasi gələcəyi üçün olduqca kritik “eşik” mərhələsi formalaşdırdığını deyib:
"Paşinyanın Avropa Parlamenti kürsüsündən etdiyi açıqlamaları, xüsusilə 2025-ci ilin oktyabrında yük daşımalarının başlanmış olması ilə bağlı ilkin məlumatla birlikdə qiymətləndirdikdə, qarşımıza bir neçə səbəb çıxır.
TRIPP Paşinyanın daha əvvəl “Sülh Qovşağı” adlandırdığı layihənin daha institusionallaşmış və ya Qərbin dəstəklədiyi versiyası kimi görünür.
O, əslində gecikdirmə iddialarına da cavab verir. Paşinyan Azərbaycan və Türkiyənin Ermənistan ərazisindən istifadə etməməsini “TRIPP layihəsinə zərər vermək qorxusu” ilə əlaqələndirərək məsuliyyəti qarşı tərəfin üzərinə atır. "Ermənistanın qısa, orta və uzunmüddətli maraqları” ifadəsi ilə ölkəsinin coğrafi təcrid (blokada) vəziyyətindən tam çıxaraq regional logistika mərkəzinə çevrilmək istəyini təsdiqləyir.
Paşinyanın təklif etdiyi Kornidzor-Qorus-Yeğnadzor-Yeraskh marşrutu texniki və siyasi baxımdan bir neçə məna daşıyır. Bu, “Zəngəzur dəhlizi”nə alternativ ola bilər".
Ekspert söyləyib ki, Paşinyan Azərbaycan və Türkiyənin gözlədiyi cənubdan (İran sərhədinə paralel) keçən xətt əvəzinə, Ermənistanın daxili hissəsindən keçən mövcud yolları təklif edir:
"Bu marşrutun “mövcud infrastruktur” ilə istifadə olunması təklifi Ermənistanın həmin yol üzərində tam gömrük və pasport nəzarəti tətbiq etmək niyyətini göstərir. Yəni “dəhliz” məntiqi deyil, “tranzit keçid” məntiqi irəli sürülür.
Paşinyan bildirir ki, Türkiyə və Azərbaycan hələ bu imkandan istifadə etməyib. Bunun mümkün səbəblərindən biri təhlükəsizlik və standartlardır. Ermənistanın mövcud yolları (xüsusilə dağlıq bölgələrdə) yüksək həcmli beynəlxalq TIR nəqliyyatı və ağır yük daşımaları üçün infrastruktur baxımından yetərsizdir. Azərbaycanın Naxçıvana gedərkən hər hansı gömrük maneəsi ilə qarşılaşmamaq istəyi (Zəngəzur dəhlizi gözləntisi) Ermənistanın “mövcud yollarımızdan istifadə edin” təklifi ilə ziddiyyət təşkil edir".
Analitik vurğulayıb ki, Paşinyanın bu açıqlamaları 2020-ci ildən sonrakı prosesdə Rusiyanın yollar üzərində nəzarət etmək (10 noyabr bəyanatının 9-cu maddəsi) imkanlarının zəiflədiyini göstərir:
"Ermənistan Baş nazirinin bu təklifi Avropa Parlamentində səsləndirməsi, Qərb aktorlarının nəzarətində olan nəqliyyat şəbəkəsinə müsbət yanaşdığının elanıdır. Paşinyan “Yollar açıqdır, buyurun istifadə edin” mesajı verərək regional təcridi aradan qaldırmağa çalışır. Lakin bu addım yolların statusu, "gömrük və təhlükəsizlik kimin nəzarətində olacaq?" sualı ilə bağlı əsas düyünü həll etmir".