- “İqtisadi alternativləri məhdud olan Ermənistan mövcud itkiləri kompensasiya etmək və Rusiyanın təzyiqlərini yumşaltmaq məqsədilə Moskva ilə əlaqələri bərpa etmək məcburiyyətindədir"
Son günlər Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya münasibətində müşahidə olunan ani yumşalma diqqət çəkib. Ermənistanın siyasi dairələrinin qənaətinə görə, Paşinyanın Bişkekdə Putinlə keçirdiyi görüş uğursuzluqla nəticələnib.
Onlar görüşün uğursuzluğunu Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin aradan qaldırılmaması ilə əlaqələndirirlər. Görüş zamanı Rusiya prezidenti Paşinyanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini müzakirə etmək üçün Moskvaya dəvət edib. Bişkek görüşündən sonra Paşinyanın Moskvaya münasibətində daha təmkinli və kompromis yönümlü mövqe müşahidə olunur. Baş nazir komandasına xəbərdarlıq edib ki, heç kəsin Rusiyaya qarşı açıqlamalar vermək hüququ yoxdur. Paşinyanın yaxın zamanda Rusiyaya səfəri gözlənilir. Qeyd edək ki, Ermənistan dəmir yolu şəbəkəsinin statusu ilə bağlı fikir ayrılıqları, ticarət embarqoları və İrəvanın Qərbə inteqrasiya cəhdləri Moskva-İrəvan münasibətlərində gərginliyin artmasına səbəb olmuşdu.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Paşinyanın anti-Rusiya ilə münasibətləri bərpa etməyə çalışacağı gözlənilən həmlə idi:
“Çünki Ermənistan həm Rusiyadan, həm də Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı təşkilatının bazarından iqtisadi baxımdan böyük asılılığı var. Ermənistan Avropa İttifaqının siyasi və hərbi təhlükəsizlik çətirinə sığınmış olsa da, iqtisadi baxımdan onlardan tam dəstək ala bilmir. Azərbaycanla sülh müqaviləsinin ləngiməsi və Türkiyə ilə sərhədlərin bağlı qalması Ermənistanın Avropa bazarlarına inteqrasiyasını bloklayır. Bu səbəbdən Ermənistanın həm mövcud reallıqlar, həm də coğrafi mövqe baxımından Rusiyadan iqtisadi asılılığı davam edir. Rusiya da məhz bundan istifadə edərək, Ermənistana qarşı iqtisadi rıçaqlarını işə salıb. Seçkidən öncə başlayan bu prosesin fəsadlarını Ermənistan artıq müəyyən dərəcədə hiss edir. Lakin bu, Ermənistanın Avropaya inteqrasiyadan imtina etdiyini və ya tamamilə Rusiyanın orbitinə qayıtmaq istədiyini deməyə əsas vermir”.
Politoloqun sözlərinə görə, Paşinyan höküməti sadəcə vaxt qazanmağa çalışır:
“İqtisadi alternativləri məhdud olan Ermənistan mövcud itkiləri kompensasiya etmək və Rusiyanın təzyiqlərini yumşaltmaq məqsədilə Moskva ilə əlaqələri bərpa etmək məcburiyyətindədir. Bu mərhələdə İrəvan üçün başlıca vəzifə zaman qazanmaqdır. Paşinyan hökuməti mövcud prosesi Azərbaycanla sülh müqaviləsi imzalanana qədər uzatmağa çalışır. Çünki yalnız Azərbaycanla çərçivə sazişi bağlandıqdan və yekun razılıq əldə olunduqdan sonra Türkiyə ilə sərhədlərin açılması reallaşa bilər. Bu isə İrəvanın Avropa bazarlarına çıxışı deməkdir. Yalnız həmin mərhələdən sonra Rusiyadan iqtisadi asılılığı azaltmaq imkanları yaranacaq. Paşinyan komandası da məhz buna köklənib. Ritorikanın yumşaldılması və Moskva ilə münasibətlərin normallaşdırılması yönündə atılan addımlar da tamaramilə bu strategiyaya xidmət edir”.
A.Nərimanlı Paşinyanın dəmir yolları müqabilində Robert Köçaryanın azad edilməsi barədə Putinlə razılaşdığına dair iddialara aydınlıq gətirib:
“Əslində, iki məsələnin siyasi çəkisini müqayisə etdikdə, Rusiya üçün Köçaryandan daha çox Ermənistan dəmir yolları üzərindəki nəzarət daha sərfəlidir. Köçaryan Ermənistan cəmiyyətində Rusiyaya meyilli fiqur kimi tanınsa da, onun təsir imkanları əvvəlki kimi deyil. Ermənistan dəmir yolları üzərindəki nəzarəti itirmək Moskva üçün Cənubi Qafqazda mövqelərin zəifləməsi ilə nəticələnə bilər. Dəmir yolu şəbəkəsi üzərindəki nəzarət Moskvaya təkcə Ermənistandakı rıçaqlarını qorumaq imkanı vermir, həm də İrəvanın yer alacağı regional nəqliyyat dəhlizlərində həlledici pay sahibi olmaq fürsəti tanıyır. Paşinyan hökuməti dəmir yolları üzərindəki Rusiya nəzarətini tamamilə aradan qaldırmağa çalışır və bu strategiyadan geri çəkilmək niyyətində deyil. Şübhəsiz ki, Moskva da dəmir yolları üzərindəki rıçaqlarını saxlamaq üçün bütün imkanları işə salacaq".