Pentaqon İranda bombaları az istifadə edib, səbəb Çin və KXDR təhlükəsi

"The New York Times" xəbər verir ki, ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı məhdud sayda bunkerə nüfuz edən bombalardan istifadə edərək onları qənaətlə xərcləməyə məcbur olub. Səbəb isə Asiyada, xüsusilə Çin və Şimali Koreya ilə mümkün münaqişələr üçün ehtiyatların qorunmasıdır.

Qəzetin yazdığına görə, ABŞ hərbi strateqləri məhdud sursat ehtiyatı səbəbindən əməliyyat planlamasında “çətin seçim” qarşısında qalıblar. Bu vəziyyət Pentaqonu İranın yeraltı obyektlərini tam məhv etmək əvəzinə, əsasən giriş hissələrinə zərbələr endirməyə vadar edib.

Məlumatlara əsasən, İran müharibədən əvvəlki raket arsenalının təxminən 70 faizini saxlayıb, həmçinin Hörmüz boğazı boyunca yerləşən 33 raket mövqeyindən 30-na və ölkə üzrə yeraltı anbarların 90 faizinə nəzarəti bərpa edib. Bu göstəricilər ABŞ administrasiyasının İran ordusunun “zəiflədiyi” barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.

Digər tərəfdən, ABŞ-nin İrana qarşı müharibədə 1000-dən çox "Tomahavk" raketi və minlərlə hava hücumundan müdafiə raketi istifadə etdiyi bildirilir. Bu itkilərin bərpasının illərlə çəkəcəyi qeyd olunur.

Mənbə həmçinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara 28 fevralda başladığını, daha sonra isə atəşkəs və danışıqlar prosesinin nəticəsiz qaldığını bildirir.