Pezeşkian yoxsulluqla boğuşan İran xalqının ayağa qalxmasından qorxur - Əfşar Süleymani

  • "İranda rejimi yıxmaq üçün müharibədən əlavə pərdəarxasında başqa planlar da qurulub"
  • "Pezeşkian son bəyanatında deməyə çalışır ki, nəticəni xalqın xeyrinə yönəltmək üçün sülh birbaşa milli maraqlar üzərində qurulmalıdır"

İran Prezidenti Məsud Pezeşkian müharibənin və tətbiq edilən ağır sanksiyaların təsirindən çıxmaq üçün diqqətçəkən açıqlama verib. Dövlət başçısı ABŞ ilə hərbi qarşıdurmanın davam etdirilməsində maraqlı olmadığını bəyan edib.

Onun sözlərinə görə ehtimal olunan risklər qarşısında, ölkənin dözümlülüyünü artırmaq üçün elə bir fəaliyyət xətti yaradılmalıdır ki, qarşı tərəflə əlverişsiz şərtlər daxilində danışıqlara getmək məcburiyyəti yaranmasın. Prezident bildirib ki, islahatlar keçirilərkən əhalinin real sosial-iqtisadi vəziyyəti əsas götürülməlidir. M.Pezeşkian onu da diqqətə çatdırıb ki, əsas problem çıxış yolunun olmaması deyil, məhz həmin problemləri həll etməyə qadir kadr potensialının çatışmazlığıdır. İran prezidentinin ABŞ ilə gərgin münasibətlərin davam etdiyi bir vaxtda, rəsmi şəxsləri üstüörtülü tərzdə, səriştəsizlikdə ittiham etməsi maraq doğurur. Qeyd edək ki, İranda 2026-cı ilin fevral ayınadək əsas ehtiyacların qiyməti 60 faiz, ərzaq məhsulları isə iki dəfə bahalaşıb. 

  • Mövu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, Pezeşkian xalqın sosial rifahı naminə regiona sülh gətirmək istəyir:

-İranın qarşısına müharibədən başqa seçim qoymadılar. Əgər danışıqlar gedən ərəfədə Amerika və İsrail İrana hücum etməsəydi, Yaxın Şərq çoxdan aydınlığa çıxmışdı. Pezeşkian son bəyanatında deməyə çalışır ki, nəticəni xalqın xeyrinə yönəltmək üçün sülh birbaşa milli maraqlar üzərində qurulmalıdır. Əslində, ABŞ və İsrail nüvə proqramı bəhanəsinə sığınıb, rejimi yıxmaq istəyirdilər. İranın hərbi strategiyası onların məqsədlərini uğursuzluğa düçar etdi. İqtisadi sanksiyalar, blokada və canlı qüvvə itkiləri İrana ağır ziyan vursa da, onların rəqibləri də öz məqsədlərinə çata bilmədilər. Pezeşkian və Trampın birgə imzaladığı sazişdə Amerika İranı aldatmışdı. Sənəd imzalanan gün öz kanalımda bildirdim ki, bu işin içində başqa iş var. İran elə fərz edirdi ki, sənəddə yer alan müddəalara əsasən Hörmüz boğazı açılacaq, 60 günlük danışıqlar çərçivəsində nüvə proqramına aid məsələlər və sanksiyalar aradan qalxacaq. Sonra isə İran Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrlə gəmilərin hərəkətinin tənzimlənməsi barədə razılığa gələcəyini düşünürdü. Lakin Amerika BƏƏ vasitəsilə gəmilərin keçidinə mane olub, verdiyi öhdəliklərə əməl etmədi. Nəticə etibarilə, imzalanan protokol qüvvəsini itirdi. 

  • Sabiq səfir ABŞ-də noyabrın 3-də keçiriləcək Konqres seçkilərinin nəticələri barədə aşağıdakı proqnozları verib:

- Tramp seçki ərəfəsində xalqı qışqırtmamaq üçün çox çalışdı ki, neftin qiyməti bahalaşmasın. Amma işlər planladığı kimi getmədi. ABŞ-də neftin 1 bareli, 109 dollara çatıb. Dizel yanacağı, benzin, ərzaq və digər zəruri məmulatlar bahalaşıb. İran seçkilərdə respublikaçıların uduzmasını gözləyir. Onların uduzma ehtimalı yüksək olduğundan Tramp və Vens xalqı respublikaçılara səs verilməyə cəlb etmək üçün dəridən-qabıqdan çıxırlar. Reytinqi 30 faizə düşən Trampın seçkilərdə qalib gələcəyinə inanmıram. Əgər respublikaçılar məğlub olsalar, Trampın prezidentlik müddətindən qalan son iki ilində səlahiyyətləri xeyli məhdudlaşacaq. Tramp ziddiyyətli açıqlamaları ilə İranı çaşdırmağa çalışır. O, bir tərəfdən seçkilərdən sonra müharibəyə son qoyacağını bəyan edir, digər tərəfdən isə İranı hərbi zərbələrlə hədələyir. Bu iki bəyanatı yanaşı qoyduqda belə bir fakt ortaya çıxır: "Seçilsəm də, seçilməsəm də hücum edəcəyəm". Ancaq o, bunu açıq şəkildə dilə gətirmir. Çünki əsas məqsədi İrana intensiv hücumu seçkilərdən sonraya saxlamaqdır. 

  • Ə.Süleymani onu da qeyd edib ki, İran hazırda enerji resurslarının bahalaşmasında maraqlıdır:

-Məqsəd Amerika cəmiyyətində etiraz dalğasını gücləndirmək, bununla da seçicilərin səslərini demokratların xeyrinə verməsini təmin etməkdir. Tramp isə İranın blokada və sanksiyalar nəticəsində təslim olmağını, geri addım ataraq, onun şərtlərini qəbul etməyini gözləyir. Digər tərəfdən, İsrailin MOSSAD rəhbərliyi İranda vəziyyətin böhran həddində olduğunu, çevriliş nəticəsində rejimin dəyişəcəyini iddia edirlər. İranda rejimi yıxmaq üçün müharibədən əlavə pərdəarxasında başqa planlar da qurulub. Ancaq istənilən senari nəticəsiz qalacaq. Çünki eyni planları dəfələrlə sınaqdan keçiriblər. Pezeşkian isə mürəkkəb vəziyyətdə qalıb. O, tərəfləri sazişə qayıtmağa və məsələni həll etməyə çağırır. Lakin Amerikadan müsbət cavab almır. 

  • Müsahibimizin fikrincə, Pezeşkian sosial və iqtisadi çətinliklərlə boğuşan İran xalqının ayağa qalxmasından və ABŞ-nin bu hadisəni fürsətə çevirəcəyindən qorxur:

- Ona görə də imkan var ikən heç olmasa daxili böhranı aradan qaldırmağa çalışır. ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər Tehran və Vaşinqton arasında tammiqyaslı müharibə riski gözlənilmir. ABŞ mövcud sanksiyalar paketini genişləndirməklə kifayətlənəcək. İran isə cavab olaraq Hörmüz boğazından keçən gəmiləri hədəf alacaq. Nəticədə neftin qiyməti daha da artacaq. İranda isə dolların məzənnəsi və qiymətlər öz axarı ilə yüksəlməyə davam edəcək.