Qarabağdan gedən ermənilərin əksəriyyəti Rusiyaya üz tutub Politoloq

  Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb. Paşinyan məsələ ilə bağlı hökumətin iclasında tapşırıq verib. Ermənistan hökumət rəhbərinin sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir. 
Dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir. Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır. 
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, Nikol Paşinyan son günlər bir-birini təkzib edən açıqlamalar verməkdədir. Analitik düşünür ki, Qarabağdan Ermənistana gedən və oranı da tərk edən ermənilərin əksəriyyəti Rusiyaya üz tutub: 
"Bu o deməkdir ki, Qarabağı tərk edən ermənilər Ermənistanda onları xoş günlərin gözləmədiyini anlayıblar. Qarabağdan könüllü gedən ermənilərin yerləşdirilməsi üçün öncədən hazırlıq görülüb. Paşinyan demişdi ki, ermənilərin İrəvana gəlməsi gözlənilməz idi, amma qısa zamanda yerləşdirildilər. Görünən budur ki, Qarabağdan köç edən ermənilərin Ermənistanda qalması öncədən düşünülmüşdü. Daha öncə bildirilmişdi ki, son ayda 35 min erməni köç edib. Orada yerləşmək üçün köç edən ermənilərdən istifadə etmək istəyirdilər". 
  Ekspert diqqətə çatdırıb ki, Qarabağdan könüllü gedən ermənilərin Ermənistanda qalmaq niyyəti yoxdur: "Qarabağda və Ermənistanda yaşayan ermənilər arasında hər zaman konfrantasiya olub. Paşinyan yerli ermənilərin təmsilçisidir. Onun R.Koçaryan, S.Sarkisyan kimi Qarabağ ermənilərinin təmsilçiləri ilə problemləri var. Müxalifət də, Paşinyan da öz məqsədləri üçün onlardan istifadə etmək istəyirdi. Paşinyan "Qarabağ klanı"nın güclənməsindən ehtiyat edir. Odur ki, çalışacaq ki, Qarabağdan gedən ermənilərin tezliklə Ermənistanı tərk etməsinə nail olsun. Onlara o qədər sosial problem yaradılacaq ki, özləri könüllü Ermənistanı tərk edəcəklər".