- "Rusiyanın təkbaşına daşıdığı yük ilə Qərbin dəstəyini alan Ukraynanın üzərinə düşən maliyyə yükünün eyni olmadığı da aydındır"
Rusiya-Ukrayna müharibəsi artıq uzun müddətdir ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Münaqişənin gedişində zaman-zaman fərqli dinamika müşahidə olunsa da, tərəflər həm hərbi əməliyyatları davam etdirir, həm də müxtəlif sahələrdə üstünlük qazanmağa çalışırlar. Mövcud vəziyyət müharibənin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı müxtəlif qiymətləndirmələri gündəmə gətirir.
Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a Rusiya-Ukrauna cəbhəsindəki hazırki vəziyyəti şərh edib:
"2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi ötən müddət ərzində hərbi, iqtisadi, diplomatik və psixoloji olmaqla bir çox amili özündə ehtiva edən bir proses xarakteri daşıyıb.
Rusiya, şübhəsiz ki, bölgədə mümkün NATO-ABŞ təsirini və hökmranlığını aradan qaldırmaq məqsədilə Ukrayna müharibəsi vasitəsilə həm Avropaya, həm də beynəlxalq siyasətə böyük və qəti mesajlar verməyə çalışıb.
Xüsusilə "enerji" və "taxıl" böhranları fonunda Rusiya həm Ukrayna, həm də Qərb qarşısında psixoloji üstünlük əldə etdi. Lakin digər tərəfdən, Ukrayna xüsusunda Volodimir Zelenskinin Qərbdən uzaq düşməmək naminə fövqəladə səy və cəhd göstərdiyinin böyük bir reallıq olduğunun şahidi olundu. Buna görə də Ukrayna əslində Rusiya ilə Qərbin müharibə meydanını təmsil etdi".
Analitik indiki mərhələdə aydın mənzərənin ortaya çıxdığını vurğulayıb:
"Rusiya müharibəni qazana bilmədi, Ukrayna isə müharibəni uduzmadı.
Xüsusilə son dövrdə Ukraynanın Rusiyanın enerji stansiyalarına həyata keçirdiyi hücumlar da müharibənin hələ də davam etdiyini bir daha açıq şəkildə nümayiş etdirdi.
Bu hücumlardan sonra Rusiyanın məcburi səbəblərdən Hindistandan neft idxal edəcəyi ilə bağlı xəbərlərlə birlikdə Ukraynanın psixoloji üstünlük əldə etdiyini söyləmək mümkündür.
Bundan əlavə, müharibənin maliyyəti nəzərə alındıqda, Rusiyanın təkbaşına daşıdığı yük ilə Qərbin dəstəyini alan Ukraynanın üzərinə düşən maliyyə yükünün eyni olmadığı da aydındır".
Politoloq qryd edib ki, tərəflər zaman-zaman hücumların intensivliyini artırsalar da, "aşağı intensivlikli münaqişə" konsepsiyası hakim paradiqma olaraq qalmağa davam edir:
"Nəticədə demək olar ki, Ukrayna müharibəni "tamamilə uduzmadığını" göstərən addımlar atır. Müharibəni uduzmadığını nümayiş etdirir. Lakin bu, Rusiyanın cavabının nə olacağı sualını aradan qaldırmır".