İsrail mətbuatı Suriyanın paytaxtı Şamda keçirilən üçtərəfli görüşü “tarixi zirvə” kimi təqdim edərək, Türkiyənin regiondakı roluna xüsusi diqqət çəkib. "Israel Defense News" nəşrinin yazdığına görə, Türkiyə bu prosesdə “əsas vasitəçi” və “yeni dövrün memarı” kimi ön plana çıxır.
Məlumata görə, zirvə çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya lideri Əhməd Şara bir araya gəlib. Görüşün əsas məqsədi Ukrayna ilə Suriya arasında münasibətlərin bərpası və yeni əməkdaşlıq körpülərinin qurulması olub.
İsrail nəşri qeyd edir ki, bu görüş 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranan yeni geosiyasi şəraitdə mühüm diplomatik addımdır. Bu kontekstdə Türkiyənin təşəbbüsləri xüsusi vurğulanaraq, Ankaranın regionda artan təsirinin bu zirvə ilə daha da gücləndiyi bildirilir.
Hakan Fidanın Şama səfər edərək görüşə rəhbərlik etməsi “güclü diplomatik mesaj” kimi qiymətləndirilir. Məqalədə vurğulanır ki, Türkiyə Suriyada təsir imkanlarına görə bölgədə mərkəzi rol oynayır və əsas vasitəçi kimi çıxış edir.
Eyni zamanda, zirvənin yalnız diplomatik xarakter daşımadığı, Türkiyə üçün bölgədə təsir dairəsini genişləndirmək baxımından strateji əhəmiyyət kəsb etdiyi qeyd olunur. Bildirilir ki, Ankara 2024-cü ilin sonundan etibarən Suriyada sabitliyin təmin olunması, qaçqınların geri dönüşü və terrorla mübarizə istiqamətində fəal siyasət aparır.
Zirvədə müzakirə olunan məsələlərə Türkiyə-Suriya əməkdaşlığı, yenidənqurma layihələri, iqtisadi potensialın inkişafı və Suriyanın şimal-şərq bölgələrinin mərkəzi hakimiyyətə inteqrasiyası daxildir. Bununla yanaşı, regional təhlükəsizlik, Ukrayna müharibəsinin təsirləri və Livandakı vəziyyət də əsas gündəm mövzuları arasında olub.
İsrail mətbuatı həmçinin Türkiyənin həm Ukrayna, həm də Suriya ilə eyni vaxtda münasibətləri qoruyub saxlayan nadir aktorlardan biri olduğunu vurğulayaraq, Ankaranın “körpü rolu” oynadığını qeyd edir.
Sonda isə diqqətçəkən qiymətləndirmə verilir: Şamda keçirilən bu görüş təkcə diplomatik hadisə deyil, həm də Yaxın Şərqdə yeni dövrün başlanğıcının simvolu kimi dəyərləndirilir.