“Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil” – Həsən Həsənov

  • Professor Novruz bayramı ilə bağlı geniş yayılmış yanlış fikirlərə münasibət bildirib

"Qarabağ problemi hələ də aktualdır. Bu məsələ tarixi deyil, ilk növbədə siyasi məna daşıyır. Tarixdən yazdıqlarımızın mahiyyəti bu günkü siyasətə cavabdır".

Sherg.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusundakı seminarda deyib.

Professor bildirib ki, erməni tərəfi Albaniya varisliyi ilə bağlı nə qədər saxta tezislər irəli sürürsə, Azərbaycan jurnalistləri də buna bir o qədər operativ və elmi əsaslarla cavab verməlidirlər:

"Nə qədər ermənilər Albaniyanın onlara aid olduğunu desələr, o qədər də siz jurnalistlər yazmalısınız. Biz tarixi həqiqətləri baltalamamalı və yanlış arqumentlərlə əsaslandırmamalıyıq. Azərbaycanın informasiya mühitini siz formalaşdırırsınız, necə yazsanız, elə də olacaq. Təəssüf ki, bəzi hallarda milli düşüncəmizə zidd yazılarla da rastlaşırıq".

Tarixi faktların təhrif olunmasına toxunan H.Həsənov Novruz bayramı ilə bağlı geniş yayılmış yanlış fikirlərə münasibət bildirib:

"Məsələn, Novruz bayramı olanda hər kəs statusuna yazır ki, tonqaldan tullanmaq zərdüştlük dininin əsasıdır. Halbuki zərdüştlükdə odun üzərindən atlanmaq günah sayılır. Bu dində od müqəddəsdir və onu heç bir vəchlə çirkləndirmək olmaz. Tonqaldan atlanmaq zərdüştlüyün adəti deyil, türklərə məxsusdur".