Tramp: İran sabah gecə yox edilə bilər

Dünyanın diqqəti Trampın Ağ Evdəki açıqlamalarına yönəldi. Tramp bildirib ki, İrandan ABŞ pilotlarını xilas etmək üçün keçirilən əməliyyatlarda ümumilikdə 176 hərbi təyyarə iştirak edib və İranın bir gecədə yox edilə biləcəyini deyib. Sherg.az təfərrüatları təqdim edir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar yaxşı gedir, lakin verdiyi müddət ərzində razılaşma əldə olunmasa, elektrik stansiyalarını və körpüləri hədəfə alaraq ölkənin mülki infrastrukturunu çökdürəcəklər. Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İran gündəmi ilə bağlı açıqlamalar verib.

Təxminən 1,5 saat davam edən mətbuat konfransının ilk hissəsində Tramp İranın vurduğu iki F-15 döyüş təyyarəsinin heyətinin necə xilas edildiyini danışıb. Sual-cavab hissəsində isə İranla verilən müddətdə razılaşma əldə etməyi ümid etdiklərini vurğulayıb.

Tramp bildirib ki, ABŞ şərq vaxtı ilə çərşənbə axşamı saat 20:00-a qədər İranla razılaşma əldə olunmasını gözləyir. Razılaşma baş tutmasa, "Bütün ölkə (İran) tək bir gecədə yox edilə bilər və bu gecə sabah gecə ola bilər” deyə qeyd edib.

ABŞ Prezidenti əvvəlki təhdidlərini təkrarlayaraq bildirib ki, razılaşma əldə olunmazsa: "Planımız var; sabah gecə saat 12-yə qədər İrandakı hər bir körpü dağıdılacaq, hər bir elektrik stansiyası sıradan çıxarılacaq və bir daha heç vaxt istifadə olunmayacaq.”

Tramp əlavə edib: “Onlarla danışıqlar aparırıq. Sabah axşam ABŞ şərq vaxtı ilə saat 20:00-a qədər vaxtları var, amma danışıqlar davam edir. Düşünürəm ki, yaxşı gedir, amma nəticəni görəcəyik.”

İranın mülki infrastrukturunu hədəfə almanın Cenevrə Konvensiyasına zidd olub-olmadığı ilə bağlı suala cavab verən Tramp bu məsələdə narahat olmadığını bildirib.

Sualı verən "New York Times" müxbirini “yalan xəbər” adlandıran ABŞ Prezidenti daha sonra “Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmaram” deyə cavab verib.

Tramp İranla müharibənin sona çatıb-çatmadığı ilə bağlı suallara cavab olaraq bildirib ki, bu, Tehrandakı rəhbərliyin mövqeyindən asılıdır və danışıqların nəticəsini gözləmək lazımdır.

İrandan necə bir razılaşma gözlədiyini izah edən Tramp deyib: “Mənim üçün qəbul edilə bilən bir razılaşma olmalıdır və bu razılaşmanın bir hissəsi də neftin və digər bütün yüklərin (Hörmüz boğazından) sərbəst keçidinin təmin edilməsi olacaq.”