- “Sülh prosesinin qarşısındakı hüquqi sədd aradan qaldırılmadan problemin həlli mümkün deyil”
- “TRIPP-də bütün layihələr ilk növbədə bizim sözümüz və maraqlarımız əsasında reallaşmalıdır”
- “Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən strateji kommunikasiya xətti ölkəmizin maraqlarından kənarda formalaşdırıla bilməz”
Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflandığı gündən bir il keçir. Hazırda regiona səpilən sülh toxumlarının cücərməsində başlıca əngəl Ermənistan konstitusiyasının preambulasında ölkəmizə qarşı yer ərazi iddialarıdır. Rəsmi Bakı dəfələrlə yekun sülh müqaviləsinə aparan yolun konstitusiya dəyişikliyindən keçdiyini bəyan edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu gün jurnalistlərə verdiyi açıqlamalar qırmızı xəttimizin Ermənistana çatdırılmasında mühüm rol oynayıb. Azərbaycan-Ermənistan normallaşma gündəliyi çərçivəsində əhəmiyyətli addımların atıldığını qeyd edən diplomat, buna misal olaraq vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı görüşlərini göstərib. C.Bayramov diqqətə çatdırıb ki, Vaşinqton bəyannaməsi Ermənistan qarşısında yeni konstitusiyanın qəbul edilməsini qaçılmaz şərt kimi qoyur. Paşinyanın bu ilin sonuna qədər Konstitusiya mətnini açıqlayacağına dair mesajlarına toxunan nazir, Azərbaycanın prosesləri yaxından izlədiyini bildirib. Diplomat TRIPP (Tramp marşrutu) layihəsinə də toxunub. O, Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrasının mümkünsüz olduğunu açıqlayıb. Amma əsas danışıqların Ermənistan və ABŞ arasında keçirildiyinə də diqqət çəkib.
Bəs TRIPP layihəsinə dair əsas danışıqların Ermənistan və ABŞ arasında baş tutmasından narahat olmalıyıqmı?
Mövzu ilə bağlı politoloq Fikrət Sadığov Sherg.az-a bildirib ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən strateji kommunikasiya xətti heç bir halda ölkəmizin maraqlarından kənarda formalaşdırıla bilməz:
“Zəngəzur tarixən Azərbaycan torpağı olub. TRIPP, yəni əsas adı ilə desək Zəngəzur dəhlizində qurulacaq bütün layihələr ilk növbədə bizim sözümüz və maraqlarımız əsasında reallaşmalıdır. TRIPP layihəsi üzrə əsas danışıqların Ermənistan və ABŞ arasında aparılması Azərbaycanda heç bir yanlış fikir və ya narahatlıq yaratmamalıdır. ABŞ Prezidenti Donald Tramp da dəfələrlə bu məsələyə toxunaraq, Azərbaycanın mövqeyini və konstruktiv yanaşmasını yüksək qiymətləndirdiyini bəyan edib. TRIPP layihəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imzaladığı birgə bəyannamə ilə hüquqi qüvvə qazanıb. Sənəddə əksini tapan ümumi müddəalar hər üç liderin imzasını daşıdığından, atılan addımlar da bu konsensus əsasında qurulmalıdır”.
Politoloqun sözlərinə görə, hazırda TRIPP layihəsindən əvvəl Ermənistanın Azərbaycanın əsas tələbini yerinə yetirməsi prioritet olmalıdır:
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan əsas amil İrəvanın konstitusiyasında yer alan ərazi iddialarıdır. Konstitusiyasında başqa bir dövlətə qarşı ərazi iddiaları saxlayan ölkə ilə tammiqyaslı sülh sazişi imzalamaq diplomatik baxımından qeyri-mümkündür. Regional sülh və sabitliyin qarşısındakı maneələrin aradan qaldırılması isə İrəvanın üzərinə düşən daxili məsuliyyəti dərk etməsindən asılıdır. Paşinyan höküməti bu istiqamətdə müəyyən addımlar atmaq məcburiyyətindədir. Rəsmi İrəvan çox gözəl başa düşür ki, konstitusiya dəyişiklikləri həyata keçirilmədən nə Azərbaycanla münasibətləri normallaşdıra nə də Türkiyə ilə sərhədlərin açılmasına nail ola bilər. Sülh prosesinin qarşısındakı hüquqi sədd aradan qaldırılmadan problemin həlli mümkün deyil”.