Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq

  • Faiq Ələkbərli: “Türk dünyasının əsas lokomotivlərindən biri Azərbaycandır”

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilir. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.

Qeyd edək ki, "Birinci Türkoloji Qurultay" ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir. 

Bir əsrdən sonra Bakının yenidən bu cür mötəbər tədbirə ev sahibliyi etməsini müsbət dəyərləndirən Türkoloq-alim Faiq Ələkbərli Sherg.az-a bildirib ki həmin dövrdə türk xalqlarının dilinin, mədəniyyətinin inkişafı, türk birliyinin möhkəmlənməsi istiqamətində çox önəmli addımlar atılmışdı. Bu ideyalar bu gün də öz aktuallığını qoruması təqdirəlayiqdir:

“Son əsrlər türk xalqları üçün tənəzzül dövrü kimi xarakterizə olunsa da, XIX əsrin sonu – XX əsrin əvvəllərində bu geriləməyə son qoymaq məqsədilə türk dünyasında böyük bir milli dirçəliş hərəkatı başlamışdı. Azərbaycan ziyalıları da həmin prosesin əsas aparıcı qüvvələrindən biri idi. Təsadüfi deyil ki, o dövrdə də türkçülük və turançılıq ideyalarının mühüm ideoloji mərkəzlərindən biri məhz Bakı və Gəncə olub. Əli bəy Hüseynzadənin ifadə etdiyi kimi, əsas məqsəd türk ruhunu, türkün öz mahiyyətini yenidən dərk etməsi idi. Bu baxımdan Osmanlının yerində Türkiyə Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyəti isə Səfəvilərin davamçısı kimi meydana çıxdı. Təəssüf ki, bu proses tamamlana bilmədi”.

F. Ələkbərlinin fikrincə, 1920-ci ildən sonra türk dünyasında yalnız Türkiyə Cümhuriyyəti müstəqilliyini qoruya bildi, Azərbaycan da daxil olmaqla digər türk xalqları isə Sovet Rusiyasının hakimiyyəti altına düşdü: “Həmin dövrdə sovet hakimiyyəti türk xalqlarının dili və əlifbası ilə bağlı guya tərəqqiyə xidmət edən addımlar atmağa çalışırdı. Əslində isə imperiyanın öz siyasi və ideoloji maraqları vardı. Ərəb qrafikasından latın qrafikasına keçid, dillərin saflaşdırılması kimi təşəbbüslər zahirən müsbət görünsə də, onların arxasında başqa məqsədlər dayanırdı. Dövrün türk ziyalıları bütün bunlara səmimi niyyətlə yanaşaraq yeni əlifba formalaşdırmaq, türk dilini zənginləşdirmək və saflaşdırmaq istiqamətində fəaliyyət göstərirdilər. Lakin sonradan imperiya siyasətini dəyişdi, latın əlifbasından kirilə keçid edildi, repressiyalar başladı və böyük ideyalar yarımçıq qaldı”.

Türkoloq hesab edir ki, yüz ildən sonra həmin ideyaların yenidən gündəmə gəlməsi mühüm və ümidverici hadisədir: “Bu gün türk dövlətləri artıq müstəqildirlər. Birinci Türkoloji Qurultayın yarımçıq qalan qərarlarının bir əsr sonra yenidən Bakıda müzakirə olunması “dildə, fikirdə və işdə birlik” prinsipinin yenidən gücləndirilməsi deməkdir”.

O bildirib ki, bu prosesin əsas lokomotivlərindən biri məhz Azərbaycandır: “Prezident İlham Əliyevin türk dünyasını ortaq ailə kimi xarakterizə etməsi də bu istiqamətdə mühüm siyasi və mənəvi mesajdır”.

Türkoloqun sözlərinə görə, bu gün keçirilən qurultayın əsas məqsədi də türk xalqlarının ortaq gələcəyinə xidmət etməkdir: “Artıq ortaq tarix, ortaq ədəbiyyat, ortaq terminologiya və ortaq dil istiqamətində ciddi proseslər gedir. Əlbəttə, müəyyən fikir ayrılıqları və uyğunsuzluqlar mövcuddur. Bunları qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Lakin milli təfəkkürü əsas götürən alimlərin sayının artması gələcək üçün böyük ümid yaradır. Yüz ildən sonra keçirilən bu qurultay yalnız Azərbaycan və türk dünyası üçün deyil, həm də Güney Azərbaycan türkləri, uyğurlar, qırım türkləri və digər türk toplumlarının gələcəyi baxımından mühüm ümid mənbəyidir”.