Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz

Geosiyasi dönüş başladı, sərhədlərin açılması qarşıdurmanı əməkdaşlığa çevirəcək

Ankara-İrəvan xəttində normallaşma prosesinin dərinləşməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına da əlavə stimul verə bilər

Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin bərpası regionda normallaşma prosesi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyduğu məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayaraq bunu iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirib.

İrəvan hesab edir ki, qərar ticarət və işgüzar əlaqələrin genişlənməsinə, regionda iqtisadi münasibətlərin inkişafına, eləcə də sabitlik və rifah mühitinin formalaşmasına xidmət edə bilər. Prosesin davamı kimi sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və Gümrü-Qars dəmir yolu xəttinin fəaliyyəti ilə bağlı müzakirələrin daha da intensivləşəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Türkiyə son illərdə regionda "kommunikasiyaların açılması” siyasətini ardıcıl şəkildə müdafiə edir. Bu yanaşma Azərbaycanın irəli sürdüyü regional nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı müzakirələrlə də üst-üstə düşür.

Ankara hesab edir ki, iqtisadi inteqrasiya siyasi riskləri azaltmaq və regionda sabitliyi möhkəmləndirmək üçün mühüm vasitədir. Lakin burada əsas geosiyasi detal ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç vaxt yalnız Ankara ilə İrəvan arasındakı məsələ olmayıb. Bu proses birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası və sülh danışıqlarının nəticələri ilə bağlıdır. Türkiyə rəsmiləri indiyədək dəfələrlə vurğulayıblar ki, Bakı ilə koordinasiya olmadan regionda strateji xarakterli addımlar atılmayacaq. Məhz bu səbəbdən sərhədlərin tam açılması ilə bağlı texniki və inzibati işlərin davam etməsi təsadüfi sayılmır.

Mövzunu şərh edən Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin mərhələli şəkildə bərpası Cənubi Qafqazda son illərin ən mühüm geoiqtisadi və geosiyasi dəyişikliklərindən biri kimi qiymətləndirilə bilər. Onun fikrincə bu proses yalnız iki ölkə arasındakı iqtisadi münasibətlərin normallaşması deyil, eyni zamanda regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasına təsir göstərə biləcək strateji addımdır:

“Türkiyə-Ermənistan ticarət əlaqələrinin bərpası regionda iqtisadi inteqrasiyanın genişlənməsi deməkdir. Ermənistan uzun illərdir qapalı sərhədlər və məhdud logistika imkanları səbəbindən iqtisadi baxımdan müəyyən təcrid vəziyyətində idi. Türkiyə bazarına çıxış Ermənistan üçün həm logistika xərclərinin azalması, həm yeni investisiya imkanları, həm də Avropa və Yaxın Şərq bazarlarına daha rahat inteqrasiya baxımından əhəmiyyətlidir. Türkiyə üçün isə bu proses Cənubi Qafqazda iqtisadi təsir imkanlarının genişlənməsi və regional ticarət marşrutlarının şaxələndirilməsi anlamına gəlir.

Bununla yanaşı, bu addım “3+3 regional platforması”, Orta Dəhliz, Zəngəzur dəhlizi və Türk dünyası ilə Avropa arasında yeni nəqliyyat-logistika xəttlərinin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Əgər kommunikasiya xətləri açılarsa, region tədricən qarşıdurma məkanından tranzit və ticarət mərkəzinə çevrilə bilər.

 Azərbaycan-Ermənistan yekun sülh müqaviləsinə təsiri məsələsinə gəldikdə isə, bu prosesin dolayı, amma mühüm təsiri ola bilər. Çünki iqtisadi inteqrasiya çox vaxt siyasi gərginliyin azalmasına xidmət edir. Ermənistan anlayır ki, regionda uzunmüddətli iqtisadi inkişafın əsas şərtlərindən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Xüsusilə sərhədlərin açılması, nəqliyyat layihələri və regional investisiyalar Ermənistan üçün ciddi iqtisadi dividendlər vəd edir”.

Y. Karauz qeyd edib ki, Ankara uzun müddətdir Türkiyə-Ermənistan normallaşmasını Azərbaycan-Ermənistan münasibətlərinin gedişatı ilə paralel aparır:

“Yəni Türkiyənin addımları böyük ölçüdə Bakı ilə koordinasiya olunmuş siyasət çərçivəsində həyata keçirilir. Bu baxımdan, Ermənistan üzərində əlavə motivasiya formalaşır ki, yekun sülh müqaviləsi istiqamətində daha konstruktiv mövqe nümayiş etdirsin. Ancaq burada vacib bir məqam da var ki, prosesin tam uğurlu olması üçün Ermənistan daxilində revanşist və anti-türk, anti-Azərbaycan siyasi ritorikanın zəifləməsi, region dövlətlərinin suverenliyinə hörmət və kommunikasiya layihələrinə real siyasi iradə göstərilməsi lazımdır. Əks halda iqtisadi normallaşma cəhdləri müəyyən mərhələdən sonra yenidən siyasi risklərlə qarşılaşa bilər”.

General hesab edir ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin bərpası yalnız ikitərəfli iqtisadi münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcək geoiqtisadi mənzərəsi baxımından da mühüm hadisə hesab olunur:

“Uzun illər bağlı qalan sərhədlər və məhdud iqtisadi təmaslardan sonra tərəflər arasında ticarətin açılması regionda yeni iqtisadi dinamika yarada bilər. Bu proses ilk növbədə regionda iqtisadi canlanmanı sürətləndirə, logistika və tranzit imkanlarını genişləndirə bilər. Paralel olaraq siyasi dialoq kanallarının açılması və qarşılıqlı asılılığın artması gərginlik risklərini azaltmaq baxımından da önəmli hesab edilir. Eyni zamanda nəqliyyat və enerji layihələrinin aktivləşməsi, xüsusilə kommunikasiya xətlərinin bərpası Cənubi Qafqazın beynəlxalq ticarət marşrutlarında rolunu gücləndirə bilər. Ankara-İrəvan xəttində normallaşma prosesinin dərinləşməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına da əlavə stimul verə bilər. Çünki regionda açıq sərhədlər və iqtisadi inteqrasiya modelinin formalaşması uzunmüddətli sabitlik üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir.Əgər bu proses paralel şəkildə Bakı-İrəvan sülh sazişi ilə müşayiət olunarsa, qarşıdakı 5–10 ildə Cənubi Qafqazın təhlükəsizlik və iqtisadi xəritəsində ciddi dəyişikliklərin şahidi olmaq mümkündür”.