“Azərbaycanda dini və milli mənsubiyyətə görə heç kim həbs olunmayıb”
“Azərbaycanda heç vaxt, heç kim, bu ölkənin heç bir vətəndaşı dini, milli mənsubiyyətinə görə həbs edilməyib, vətəndaşlara dini-milli, irqi ayrı-seçkilik qoyulmayıb. Şəxsin cənayət əməli törətməsi şübhəsi olduqda, saxlanılıb, istintaq aparılıb, cinayət törətdiyi sübutlarla təsdiqləndiyi halda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib”. Bi fikirləri Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı Sherg.az-a açıqlamasında bildirdi.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218, 228 və daha neçə maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur. Dövlət ittihamçısı tərəfindən ona ömürlük həbs cəzası istənilib.
Ruben Vardanyanın müdafiəsini üzərinə götürdüyünü elan edən amerikalı vəkil Cared Genser isə ittiham və istənilən cəzanı guya müvəkkilinin milliyyətcə erməni və xristian dininə mənsubluğu ilə əlaqələndirməyə çalışır. Bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev qeyd edib. Ə.Əliyev bildirib ki, vəkilin Azərbaycanla bağlı müxtəlif çıxışları və müraciətləri ilə tanış olub. Vəkil bütün müraciətlərində Ruben Vardanyanın xristian inancına mənsub olduğunu xüsusi vurğulayıb, bu faktı beynəlxalq təşkilatların, insan hüquqları qurumlarının və nüfuzlu Qərb KİV-lərinin diqqətinə çatdırmağa çalışıb:
- O, bu müraciətlərində Azərbaycanı “müsəlman ölkəsi”, Vardanyanı isə “xristian erməni” kimi təqdim edərək dəxli olmadan prosesə dini kontekst əlavə edir. Məqsəd açıq şəkildə beynəlxalq xristian auditoriyasının, xüsusən də Qərb ictimai rəyinin emosional reaksiyasını formalaşdırmaqdır. Vəkilin bu ritorikası hüquqi arqumentlərdən çox, xristianlıq üzərindən simpatiya yaratmağa hesablanmış addımdır. Beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan müraciətlərdə dini mənsubiyyət faktı əsas xətt kimi qabardılsa da, bu amilin cinayət işinin hüquqi mahiyyəti ilə birbaşa əlaqəsi yoxdur və bu arqumentlər aşağıdakılara görə əsassızdır: Əvvəla, Ruben Vardanyanın saxlanılması və barəsində aparılan istintaq onun dini inancı ilə bağlı deyil, konkret əməllər və hüquqi ittihamlar çərçivəsində həyata keçirilir. Nə Azərbaycan qanunvericiliyində, nə də istintaq materiallarında dini mənsubiyyət ittihamın elementi kimi nəzərdə tutulmayıb. İkincisi, dini kimlik yalnız o halda hüquqi əhəmiyyət daşıyır ki, şəxsə qarşı dini zəmində ayrı-seçkilik və ya təqib sübuta yetirilsin. Vardanyan işi üzrə isə onun xristian olduğuna görə saxlanılmasını və ya fərqli rəftara məruz qalmasını təsdiqləyən heç bir obyektiv sübut təqdim edilməyib. Bundan başqa, Azərbaycan dünyəvi dövlətdir və uzun illər ərzində ölkədə müxtəlif xristian icmaları - pravoslav, katolik, protestant və digər dini icmalar - sərbəst fəaliyyət göstərib. Bu faktın özü yaradılan “hay-küyün” reallığı əks etdirmədiyini göstərir. Sonuncusu, münaqişə sonrası həssas regionda dini kimliyin qabardılması hüquqi müdafiəyə xidmət etmir, əksinə, etno-dini qarşıdurma təsviri yaradaraq prosesin siyasiləşməsinə və radikallaşmasına zəmin yaradır. Beynəlxalq təcrübə göstərir ki, münaqişələrin dini çərçivəyə salınması onların hüquqi həllini çətinləşdirir və cəmiyyətlərarası gərginliyi artırır. Fikrimcə, Ruben Vardanyanın xristian olmasının onun həbsi ilə əlaqələndirilməsi hüquqi deyil, siyasi və emosional manipulyasiya xarakteri daşıyır. Bu cür yanaşma nə faktlara, nə beynəlxalq hüquq prinsiplərinə, nə də peşəkar vəkillik etikasına uyğundur. Dini inancın işin mahiyyəti ilə əlaqəsi olmadığı halda qabardılması hüquqi müzakirəni zəiflədir, dinlərarası həssaslığı süni şəkildə alovlandırır və münaqişənin hüquqi çərçivədən çıxarılmasına xidmət edir.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı Azərbaycanın hüquqi ərazisi olan Qarabağ və ətraf ərazilərdə 30 ilə yaxın müddətdə terrorçuluq, separatizmlə məşğul olmaqda ittiham edilən şəxslərin məhkəmə prosesini daim diqqətlə izlədiyini dedi. S.Bənənyarlı qeyd etdi ki, məhkəmə prosesinin gedişində həmin şəxslərdən heç birinə qarşı dini-milli ayrı-seçkilik müşahidə edilməyib. Həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret maddələriylə ittiham olunurlar və cinayət əməlləri də sübut olunub:
- R.Vardanyanın amerikalı vəkilinin davranışı, müraciətlərinə ittihamı dini-milli ayrı-seçkiliyə bağlamaq cəhdi gözləniləndir. Hər bir vəkil müdafiə işini müəyyən platforma üzərində qurur. Görünən budur ki, vəkil xal qazanmaq, qazanc əldə etmək istəyir. Bu, vəkilin qurduğu strategiyadır. Hesab edirəm ki, onun irəli sürdüyü ittiham həqiqətə uyğun olmadığı və sübut olmadığı üçün məhkəmə də, ictimaiyyət də, beynəlxalq təşkilatlar da bunu ciddi qəbul etməyəcək. Bu, vəkilin qurduğu strategiyadır. O ümid edir ki, bu cür mövqe ilə nəyəsə nail ola biləcək. Amma bu, səhv strategiyadır və nəticəsiz qalacaq. Azərbaycan dünyəvi ölkədir, burada kimsə dini baxışlarına və ya dini, milli mənsubiyyətinə görə təqib edilmir.